Azərbaycan və Dağıstan arasında əməkdaşlıq daha 3-5 il uzadıla bilər

Tarix: 20:02 20.06.2025
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən görüşdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Dağıstan rəhbəri Sergey Melikov iki tərəfli əlaqələrin möhkəmləndirilməsi ilə bağlı müzakirələr aparıblar. Görüşdən sonra Dağıstanın Baş naziri Əbdülmüslim Əbdülmüslimov bildirib ki, hazırda qüvvədə olan 2023–2025-ci illəri əhatə edən əməkdaşlıq planının müddətinin daha 3-5 il uzadılması nəzərdə tutulur. Bu plan kənd təsərrüfatı, sənaye, turizm və biznes sahələrində qarşılıqlı fəaliyyətin inkişafını əhatə edir.
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Dağıstan arasında əməkdaşlıq bölgə iqtisadiyyatına müsbət təsir göstərəcək:
“Ölkəmizin iqtisadi əlaqələrinin genişləndirilməsi həm iqtisadiyyatımıza, həm də xarici ticarət əlaqələrimizə müsbət təsir edir. Rusiya Azərbaycan üçün əsas iqtisadi tərəfdaşlardan biridir və bu baxımdan Dağıstanla əməkdaşlıq imkanlarımızı daha da artırır. Dağıstan coğrafi baxımdan bizə ən yaxın bölgələrdəndir və əsasən kənd təsərrüfatı, xüsusilə də şərabçılıq məhsulları üzrə geniş iqtisadi mübadilələr həyata keçirilir. Əməkdaşlıq planının uzadılması isə sahibkarların və fermerlərin Dağıstana məhsul ixracını stimullaşdıracaq, ölkəmizə daxil olan valyuta miqdarını artıracaq”.
Ekspert bildirib ki, Azərbaycan iqtisadiyyatının bir neçə sahəsi bu əməkdaşlıqdan daha çox fayda götürə bilər:
“Əlbəttə ki, kənd təsərrüfatı, tekstil və spirtli içki sənayesi kimi sahələr bu əməkdaşlıqdan daha çox fayda görəcək. Dağıstandan ölkəmizə ət məhsulları idxal olunur, biz isə tekstil geyimləri və spirtli içkilər ixrac edirik. Bu ticarət əlaqələri qarşılıqlı dövriyyəni artırmaqla yanaşı, yerli sahibkarların bazar imkanlarını genişləndirir. Ümumilikdə, bu əməkdaşlıq həm də Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin dərinləşməsinə xidmət edir”.
Solmaz Muradova