İsrailin İrana qarşı planları diplomatik ritorikadan kənara çıxırmı?

Bölmə: Siyasət › ,
Tarix: 21:13 20.06.2025

"İsrailin İranda hökuməti dəyişdirmək kimi bir məqsədi yoxdur".

Bu sözləri İsrail Prezidenti İsxak Hersoq "Bild" nəşrinə müsahibəsində deyib.

Lakin İsrail prezidenti İranın nüvə proqramına qarşı həyata keçirilən hərbi əməliyyatları yeganə düzgün qərar adlandırıb.

"Biz dəqiq bilirik ki, İran uranın zənginləşdirilməsinin müəyyən edilən həddinə çatıb. O, uranı 60%-ə qədər zənginləşdirib və bu, nüvə silahı hazırlamaqdan başqa məqsəd daşımır", - deyə İ.Hersoq əlavə edib.

 

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail Prezidenti İ. Hersoqun son müsahibəsində “İranda rejimi dəyişmək kimi məqsədimiz yoxdur” bəyanatı bir qədər formal diplomatik ritorika kimi qiymətləndirilsə də, davamında nüvə proqramına qarşı hərbi əməliyyatların yeganə düzgün qərar olaraq adlandırılması İsrailin başlıca hədəfini aydın şəkildə ifadə edir:

 

“Həmçinin bu bəyanat hərbi əməliyyatların legitimləşdirməsi cəhdi olaraq da qiymətləndirilə bilər. Məlumdur ki, İranın uranı 60%-ə qədər zənginləşdirməsi və MAQATE ilə əməkdaşlıqda şəffaflıqdan yayınması İsrail üçün real təhlükə kimi qəbul edilir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, rəsmi Təl-Əvivin prioriteti rejim dəyişikliyindən çox, İranın hərbi və texnoloji imkanlarını zəiflətmək və regionda nüvə balansını pozmamağa yönəlib. Digər tərəfdən isə BMT və beynəlxalq qurumlar bu məsələdə daha çox passiv müşahidəçi rolunda çıxış edirlər. Nüvə danışıqları demək olar ki, öz əhəmiyyətini itirib. Sanksiyaların effektivliyi isə sual altındadır. Nəticə etibarilə, İsrailin preventiv hərbi doktrinası bölgədə yeni eskalasiya mərhələsinin əsasında dayanır”.

 

Nuray Əliyeva