Azərbaycan – Şərqlə Qərbin qovşağında bir turizm incisi

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:49 20.06.2025

 

Azərbaycan zəngin təbiəti, qədim tarixi, mədəni irsi və müasir infrastrukturu ilə turizm sahəsində böyük potensiala malik ölkələrdəndir. Xəzər sahillərindən tutmuş Qafqaz dağlarının qoynuna qədər uzanan bu torpaq, turistlərə həm istirahət, həm də öyrənmək üçün müxtəlif imkanlar təqdim edir. Bakı şəhərinin müasirliyi ilə Şəkinin tarixi memarlığı, Qubanın meşələri ilə Naftalanın müalicəvi nefti, Lənkəranın çay plantasiyaları ilə Qəbələnin dağ mənzərələri Azərbaycanın turizm xəritəsini zənginləşdirir. Ölkədə həm daxili, həm də xarici turizmin inkişafı istiqamətində atılan addımlar, Azərbaycanın gələcəkdə turizm mərkəzinə çevriləcəyindən xəbər verir.

 

Mövzu ilə bağlı Azərbaycan Turizm Agentliyi Assosiayasının sədri Göydəniz Qəhrəmanov "İnformator.az" a açıqlamasında bildirib ki , Azərbaycanda turizm sahəsi çox inkişaf edir.Həm paytaxtda , həm də müxtəlif regionlarımızda turistlərin sayının artmasını buna nümunə göstərə bilərik:

 

 

"Turizm sahəsi ölkəmizdə öndə gedən əsas sahələrdən birinə çevrilmişdir.Nəzər yetirsək görərik ki, son illər Azərbaycana gələn turistlərin sayı artır.Ölkə başçısının tapşırığı ilə bu sahədə böyük işlər görülür, infrastruktur qurulur.Həm paytaxtda , həm də regionlarda bu sahəyə çox önəm verilir və ildən-ilə turistlərin sayının artması da buna başlıca nümunədir. Azərbaycanda , xüsusilə,paytaxtımızda tanınmış brend otellərin fəaliyyəti genişlənir.Eyni zamanda , Azərbaycanda Beynəlxalq Hava limanları var , onlar həm paytaxtda, həm də regionlarda fəaliyyət göstərirlər və birbaşa uçuşların olması da , turistlərin rahatlıqla Azərbaycana səfər etməsində çox yaxşı bir inkişafdır.Ümumiyyətlə,turizm imkanlarımız genişdir.Bu da Azərbaycanda həm yay,həm də qış turizm imkanlarının olmasına şərait yaradır.Qış turizmi ilə bağlı regionlarda xizək mərkəzlərimiz,Tufandağ,Şahdağ komplekslərimiz fəaliyyət göstərirlər. Turistlər arasında bu kimi yerlər çox maraq doğuran istiqamətlərdəndir. Eyni zamanda, yay-dəniz turizmimiz də vardır.Düzdür,bəzi əskikliklər də mövcuddur.Məsələn, regionlarda otellərin sayının çox olmasını istəyərdik.Çünki elə rayonlarımız vardır ki , orada otellərin sayı azdır və turistlərin səfər etdiyi istiqamətlərdən biridir.Buna görə də bəzi yerli iş adamlarına da təklifim olub.Məhz , yerli iş adamları belə rayonlarımızda bu iş sahəsinə yönəlib, məncə, daha çox qazanc əldə edə bilərlər.Çünki turizm sahəsi ildən-ilə inkişaf edir, turistlərin sayı artır və bu sahə gəlir baxımından da yaxşılaşır.Qeyd etdiyim kimi, logistik imkanlarımız da çox genişdir və Beynəlxalq Hava limanlarının , sürətli qatarların da fəaliyyət göstərməsi,məhz,bizə imkan verir ki , turistləri bölgələrimizdə görək.

 

Qarabağ regionumuzda da quruculuq-bərpa işləri həyatə keçirilir. Burada bizim həm öz vətəndaşlarımız üçün infrastrukturlar qurulur, eyni zamanda da turistlər üçün geniş imkanlar yaradılır.Şuşada , Xankəndində, Laçında yeni otellər fəaliyyətə başlayıbdır. Ümumiyyətlə,bu regionlara böyük önəm verilir və çox qısa zamanda bu bölgədə xarici turistləri də görə bilərik".

 

Ekspert turistləri ən çox maraqlandıran istiqamətlərdən də söz açıb:

 

"Turistləri ən çox maraqlandıran istiqamətlərdən ilk olaraq paytaxt Bakıdır.Əgər bölgələri nəzərdən keçirtsək, burada Quba, Qusar, Qəbələ, İsmayıllı,Şəki,Lənkəran,Gəncə-bu istiqamətləri görə bilərik. Müalicəvi turizmdən söz açsaq, buraya da Naftalan və Naxçıvanın duz dağlarını misal göstərə bilərik.Belə yerlər turistləri maraqlandıran əsas istiqamətlərdəndir".

 

Nəzrin Məmmədova