Azərbaycanda büdcə qaydası dəyişir

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:11 21.06.2025

Azərbaycanda büdcə qaydasının dəyişdirilməsi nəzərdə tutulur.

 

"İnformator.az" xəbər verir ki, bununla bağlı "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

 

Qanun layihəsi parlamentin növbədənkənar sessiyasının iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

 

Bildirilib ki, müvafiq qanun layihəsi sözügedən qanunun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

 

Belə ki, dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə dair Hesablama Palatasının rəylərində ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası"na əsasən, il ərzində qalıq vəsaitdən birbaşa büdcədənkənar gəlirlərə istifadə olunmasının büdcə qanunvericiliyində təsbit olunan vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinə uyğun gəlmədiyi və icra prosesində, xüsusilə uçotun aparılmasında və hesabatlılıqda bəzi qeyri-müəyyənliklərə səbəb olduğu qeyd olunub.


Eyni zamanda "Büdcə sistemi haqqında" Qanunun (bundan sonra - Qanun) 5-ci maddəsinin tələblərinə əsasən məqsədli büdcə fondlarının ilin sonuna istifadə edilməmiş vəsaitlərinin onların növbəti ilin gəlirlərinə aid edilməsi eyni gəlirin iki dəfə uçota alınmasına gətirib çıxarır. Qanunun 10.1.3-cü maddəsində dövlət büdcəsinin dövlət borcuna xidmətlə bağlı xərclərin tərkibinə layihələrdə pay iştirakı ilə bağlı xərclər daxil edilib. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə hər il üzrə təsdiq olunan dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə bir sıra layihələrdə Azərbaycan Respublikasının pay iştirakı ilə bağlı xərclər nəzərdə tutulur. Bu xərclər dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkib hissəsi kimi dövlət büdcəsinin əsaslı xərclərində nəzərdə tutulur ki, bu da Qanunun 10.1.3-cü maddəsi ilə ziddiyyət təşkil edir.