Rejim dəyişikliyi niyə olmasın?-Tramp

Bölmə: Dünya › ,
Tarix: 14:50 23.06.2025

13 iyun tarixində İsrailin İrana hücumu ilə başlayan toqquşmalar, ABŞ-nin birbaşa müdaxiləsi ilə davam edir. ABŞ Prezidenti Donald Tramp, İrandakı nüvə obyektlərini "uğurla vurduqlarını" açıqladıqdan sonra, İranda məqsədin rejim dəyişikliyi ola biləcəyini bildirdi.

 

Tramp öz sosial media kanalında etdiyi paylaşımda, İranda yerləşən Fordo, Natanz və İsfahan nüvə obyektlərinə qarşı "çox uğurlu bir hücum" həyata keçirdiklərini və təyyarələrin artıq ABŞ-yə geri döndüyünü qeyd etdi.


Daha sonra paylaşdığı mesajda isə məqsədin yalnız nüvə obyektləri deyil, birbaşa rejim olduğuna işarə verdi: "Rejim dəyişikliyi ifadəsini işlətmək siyasi baxımdan düzgün olmaya bilər, amma əgər mövcud İran rejimi İranı yenidən ucalda bilmirsə, bəs niyə rejim dəyişikliyi olmasın?"
Trampın prezident seçkilərindəki kampaniya şüarı MAGA (Amerikanı yenidən ucaldaq – Make America Great Again) idi. O, bu paylaşımının sonunda isə "İranı yenidən ucaldaq" (Make Iran Great Again) ifadəsinin baş hərflərindən ibarət olan MIGA sözünü əlavə edib.


Bazar günü ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra mətbuat konfransında çıxış edən ABŞ Müdafiə Naziri Pit Hegseth bildirib ki, bu hücumlar yalnız İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi daşıyır, İran ordusunu və ya mülki əhalini hədəfə almır və məqsəd rejim dəyişikliyi deyil.


BBC News

Fatimə Heydərova