Azərbaycanla Çin arasında saziş gələn ay qüvvəyə minir

Bölmə: Siyasət › ,
Tarix: 12:06 25.06.2025

Pekində aprelin 23-də imzalanmış “Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” iyulun 16-da qüvvəyə minir.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprel ayında Çinə baş tutan səfəri çərçivəsində Çinlə Azərbaycan arasında çox mühüm sənədlər imzalandı:

 

"Bu sənədlər içərisində qarşılıqlı şəkildə viza rejiminin ləğv edilməsini nəzərdə tutan razılaşma da yer alırdı. Bu Azərbaycan-Çin siyasi münasibətlərində və iqtisadi əlaqələrində çox mühüm hadisədir. Azərbaycanla Çin arasında iqtisadi əlaqələr çox sürətlə inkişaf edir. Qısa zaman kəsiyində Çin böyük sürətlə Azərbaycanın iqtisadi və ticari tərəfdaşları sırasında önə çıxıb. Bu gün Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 4 milyarda yaxınlaşıb. Vizasız gediş-gəliş imkanının yaranması 2 ölkə arasında iqtisadi əlaqələri daha da dinamik edəcək. Nəzərə almaq lazımdır ki, bu gün Çin iqtisadiyyat üzrə dünya üzrə birinci yerdədir. Dünya istehlak bazarlarında bu ölkə aparıcı rola malikdir. Belə bir ölkə ilə Azərbaycan arasında dinamik əlaqələrin yaradılması ölkəmizin həm beynəlxalq münasibətlər sistemində, həm də iqtisadi əməkdaşlıq sahəsində artan roluna işarə edir. Hələ 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada baş tutan sammiti zamanı Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq sənədi imzalanıb və ötən bir il ərzində bu tərəfdaşlığın çox böyük təsiri olub. 2025-ci ilin aprelində isə hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyənnamə imzalandı. Azərbaycan öz xarici siyasəyinin baza prinsiplərinə uyğun olaraq dünya ölkələri ilə həm siyasi münasibətlərini, həm də iqtisadi əlaqələrini inkişaf etdirir. Azərbaycan Çinin "Bir kəmər, bir yol" konsepsiyasını dəstəkləyir".

 

Politoloq əlavə edib ki, 2019-cu ildə Şanxayda baş tutan "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumuna bizim regiondan dəvət alan təkcə Azərbaycan Prezidenti olub:

 

"Bu onun göstəricisidir ki, Çin Azərbaycanla əməkdaşlığa çox böyük üstünlük verir. İki ölkə arasında hərtərəfli strateji əməkdaşlıq əlaqələrinin qurulması bütün sahələrdə olduğu kimi, vizasız gediş-gəliş imkanlarının yaradılması ilə həm qarşılıqlı şəkildə turizm axınını şərtləndirəcək, həm də iki ölkənin sahibkarları arasında təmasları keyfiyyətcə yeni bir mərhələyə qoyacaq. Sözsüz ki, Azərbaycan bundan sonra da öz tarixi inkişafının yeni mərhələsində digər ölkələrlə də vizasız gediş-gəliş imkanlarını nəzərdən keçirə bilər. Bu bizim xarici siyasət prinsiplərimizə uyğundur".


Fatimə Heydərova