Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya etirazı

Bölmə: Sosial › ,
Tarix: 19:38 27.06.2025

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iyunun 18-də verdikləri sertifikasiya imtahanından sonra narazılıqlar hələ də davam edir. Onlar imtahan suallarının çətinliyindən və digər məsələlərdən şikayətlənərək Elm və Təhsil Nazirliyindən sualların araşdırılmasını və haqq-ədalətin bərpa olunmasını tələb edirlər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, sertifikasiya imtahanları müəllimlərin peşəkar bilik və bacarıqlarının yoxlanılması baxımından nəzəri olaraq vacib və faydalı bir vasitə sayıla bilər:

 

“Amma bu prosesi təşkil edənlərin məsuliyyətsizliyi, şəffaflıq və ədalət prinsiplərinə zidd yanaşmaları səbəbindən sertifikasiya bu gün müəllimləri stimullaşdıran yox, onları alçaldan, psixoloji baxımdan sarsıdan bir mexanizmə çevrilib.

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 18 iyun tarixli imtahanından sonra yaranan geniş narazılıq təsadüfi deyil. Söhbət təkcə sualların çətinliyindən yox, həm də onların tədris proqramına uyğun olmamasından, əhəmiyyətsiz detallar və formal mətnlərdən ibarət olmasından, dilin ruhunu deyil, mexaniki əzbərləri ölçməsindən və ən əsası, imtahandan sonra sualların paylaşılmamasından gedir.

Yəni müəllim nəyə cavab verdiyini bilmir, nəyə görə aşağı bal topladığını anlaya bilmir. Bununla belə, əməkhaqqı azalır, təhqir olunur, peşəkar nüfuzu zədələnir. Bu, sadəcə təhsil siyasəti deyil — bu, müəllimə qarşı sistemli hörmətsizlikdir. Müəllimlərin narazılığı tamamilə haqlıdır. İmtahandan sonra minlərlə müəllim şikayət edir, müxtəlif nümunələr, texniki və məzmun xətaları üzə çıxır".

 

Ekspertin fikrincə, sertifikasiya imtahanlarının təhsilin keyfiyyətinə müsbət təsir etməsi üçün ilk növbədə bu prosesin özü keyfiyyətli, şəffaf və hesabatlı olmalıdır:

 

“Hazırda isə əks proses müşahidə olunur: imtahan nəticələri müəllimləri ruhdan salır, sistemi tərk etməyə vadar edir və təhsilə olan etimadı azaldır. Təhsilin keyfiyyətini artırmağın yolu müəllimə qarşı repressiv tədbirlər görmək yox, onun inkişafını dəstəkləməkdən keçir. Azərbaycan dili və ədəbiyyat müəllimlərinin illərlə MİQ və sertifikasiya imtahanlarından narazı qalması bu fənnin imtahanlarının xüsusilə problematik olduğunu göstərir.

Bunun səbəbi sualların metodoloji baxımdan zəif hazırlanması, dilin üslubi və ədəbi tərəfinin deyil, terminoloji və formal hissəsinin ölçülməsidir. Ədəbiyyat bir sənətdir — ona testlə, beş variantla qiymət vermək özü absurddur. Amma heç olmasa verilən testlər keyfiyyətli və ölçmə baxımından əsaslandırılmış olsaydı, bu qədər narazılıq müşahidə olunmazdı. Təəssüf ki, bu sahədə illərdir ciddi dəyişiklik baş vermir — yalnız rəqəmlər dəyişir, sistemli problemlər isə qalır. Sualların paylaşılmaması, apelyasiya prosesinin formal xarakter daşıması, şikayətlərin cavabsız qalması — bütün bunlar birlikdə bu prosesi təhsilin inkişafı yox, müəllimlərin sıralanması və əzilməsi üçün istifadə olunan alətə çevirir".

 

Nigar Həsənzadə