Nazir Rəşad Nəbiyev “Global Transport Connectivity Forum”da çıxış edib

Tarix: 19:26 28.06.2025
Türkiyənin İstanbul şəhərində beynəlxalq səviyyəli “Global Transport Connectivity Forum” öz işinə başlayıb.
"İnformator.az" xəbər verir ki, forumda yüksəkvəzifəli siyasətçilər, nəqliyyat sahəsi üzrə nazirlər, beynəlxalq təşkilatlar, maliyyə institutları, sənaye liderləri, özəl sektor nümayəndələri və aparıcı ekspertlər iştirak edirlər.
Tədbirdə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və optimallaşdırılması, eləcə də logistika sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində yüksəksəviyyəli müzakirələr aparılır.
Forum çərçivəsində BMT və Dünya Bankının iştirakı ilə Orta Dəhliz üzrə nazirlərin qapalı görüşü də baş tutub. Görüşdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, dəyişən geosiyasi reallıqlar fonunda Orta Dəhliz qlobal təchizat zəncirlərinin dayanıqlığını təmin edən əsas marşrutlardan birinə çevrilib. O qeyd edib ki, Azərbaycan bu sahədə öz öhdəliklərinə sadiq qalaraq regional layihələrin icrası və tranzit axınının təhlükəsizliyini təmin etmək üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
Forum çərçivəsində nazir Rəşad Nəbiyev, həmçinin Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Rusiya Prezidentinin köməkçisi İqor Levitin və Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə baş direktorunun müavini Simon Mordue ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə nəqliyyat sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.