“Putinin əli azərbaycanlıların qanına batıb”-AZTV

Bölmə: Siyasət › ,
Tarix: 18:12 30.06.2025

Azərbaycan Dövlət Televiziyası (AzTV) Rusiya Prezidenti Vladimir Putini, Moskvanın azərbaycanlılara qarşı yönələn siyasətini sərt tənqid edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Aytən Qurbanova bildirir ki, dövlət televiziyasının belə sərt mövqe nümayiş etdirməsi Azərbaycan diplomatiyasının informasiya müstəvisində də müstəqil və prinsipial siyasət həyata keçirdiyinin bariz nümunəsidir:


“Həmçinin bu yanaşma Azərbaycanın milli maraqlarının informasiya cəbhəsində qorunması nöqteyi-nəzərindən xüsusi önəm kəsb edir. Son dövrlərdə Rusiya mediasında və bəzi siyasi dairələrdə Azərbaycana qarşı yayımlanan qərəzli, manipulyativ və bəzən açıq-aşkar təhqiramiz ritorikaya qarşı AzTV-də səslənən fikirlər mühüm əhəmiyyətə malik olmaqla yanaşı cavab xarakteri daşıyır. Belə ki, bu informasiya balansının bərpa olunması, ictimai rəyə yanlış təsirin qarşısının alınması və beynəlxalq auditoriyaya Azərbaycanın real mövqeyinin çatdırılması baxımından strateji əhəmiyyətə malikdir. Təbii ki, bu cür açıq ritorika fonunda Rusiyada yaşayan milyonlarla azərbaycanlının vəziyyətinin də diqqət mərkəzində saxlanılmasını zəruridir. Amma Azərbaycan dövlətinin xaricdə yaşayan vətəndaşların və diaspor nümayəndələrinin təhlükəsizliyinə daima önəm verməsi və onların hüquqlarının qorunması məsələsinə dair kifayət qədər prinsipial mövqeyə sahib olması faktı istisnasız olaraq qeyd edilməlidir. Unutmamaq lazımdır ki, Azərbaycan nəinki regional gücdür, o həm də beynəlxalq aləmdə öz sözünü deyən və maraqlarını qorumağa qadir olan bir mühüm aktorlardan biridir. İndiki gərgin beynəlxalq münasibətlər sistemi çərçivəsində Azərbaycan müxtəlif geosiyasi mərkəzlər qarşısında birmənalı və aydın mövqe sərgiləyərək suverenlik, daxili işlərə qarışmamaq və milli maraqlara hörmət prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Məhz bu nöqteyi-nərdən yanaşdıqda, AzTV-də səslənən tənqidlər də dövlətin öz informasiya məkanında milli mövqeyini açıq şəkildə bəyan etməsi kimi dəyərləndirilməlidir. Bu nə emosional reaksiya, nə də münasibətlərin kəskinləşdirilməsi cəhdidir. Bu sadəcə olaraq müstəqil və öz milli maraqlarını qoruyan dövlətin informasiya təhlüsizliyini təmin edən müdafiə mexanizmidir. Beləliklə də, Azərbaycanın bütün platformalarda yürütdüyü xarici siyasət dövlətçilik və milli maraqların müdafiəsinə əsaslanır. AzTV-nin bu istiqamətdə ortaya qoyduğu tənqidlər isə prinsipial mövqeyin konkret ifadəsi olmaqla yanaşı, Azərbaycanın xarici informasiya təzyiqlərinə qarşı immunitetini gücləndirməyə yönəlmiş strateji addımdır. Deməli hərkəs yaxşı anlamalıdır ki, bugün Azərbaycan yalnız öz ərazisini deyil, informasiya məkanını da qorumaq üçün lazımi siyasi iradəyə və gücə sahib qüdrətli dövlətdir”.

 

Aysel Mirzəyeva