Mask: “America Party” quracam

Tarix: 14:50 01.07.2025
Milyarder iş adamı və texnologiya nəhəngi İlon Mask, ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü “Big Beautiful Bill” adlı xərcləmə qanun layihəsinə qarşı çıxışlarını daha da sərtləşdirib. O, əgər bu mübahisəli qanun layihəsi Konqres tərəfindən qəbul olunarsa, “America Party” adlı yeni siyasi partiya yaradacağını bəyan edib.
Mask qanun layihəsində nəzərdə tutulan 5 trilyon dollarlıq borc limiti artımını “dəli addım” adlandıraraq, həm Respublikaçılar, həm də Demokratları ictimaiyyəti yarı yolda qoymaqda ittiham edib. Sosial şəbəkə X-də paylaşdığı bir yazıda o bildirib:
"Biz təkpartiyalı ölkədə yaşayırıq- 'PORKY PİG PARTY'!"
O, xalqa həqiqətən önəm verən alternativ bir siyasi gücün qurulmasına çağırış edib.
Mask sonrakı paylaşımlarında isə daha öncə maliyyə məsuliyyəti vədləri verən, lakin indi qanun layihəsini dəstəkləyən konqresmenləri sərt tənqid edərək, onların gələn il ilkin seçkilərdə məğlub olacağını bildirib.
İlon Mask və Donald Tramp arasında münasibətlər bir zamanlar yaxın olsa da, bu qanun layihəsi ilə bağlı mübahisələrdən sonra açıq qarşıdurmaya çevrilib. Mask may ayından etibarən qanun layihəsinə qarşı çıxmağa başlayıb və həmin vaxt 220 milyon izləyicisinə yeni partiya ideyasını sorğu ilə təqdim edib.
Daha sonra o, “America Party” adını dəstəklədiyini açıqlayıb. Bu ad həm də onun 2024 seçkilərində Tramp və Respublikaçıları dəstəkləmək üçün 240 milyon dollar xərcləmiş “America PAC”a istinad edir.
ANEWZ
Gülhüseynova Güllər