“Rusdilli işçilər zəhmətkeş filippinlilərlə əvəz olunmalıdır”

Tarix: 17:30 03.07.2025
Litvanın müdafiə naziri Dovile Şakaliene ölkədə rusdilli işçi qüvvəsinin dəyişdirilməsini təklif edib. Nazir bu barədə "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.
"Postsovet ölkələrindən gələn rusdilli miqrantların misli görünməmiş artımı Litvanın milli təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur", – deyə Şakaliene bildirib.
O, ölkədə "keyfiyyətsiz" rus işçilərindən imtina edilməsinin vacibliyini vurğulayıb və onların “Qərbyönlü və zəhmətkeş filippinlilərlə” əvəz olunmasının Litvanın maraqlarına daha uyğun olduğunu qeyd edib.
Xatırladaq ki, son illərdə Litvada miqrasiya siyasəti ilə bağlı ictimai və siyasi diskussiyalar artıb. Şakalienenin bu bəyanatı da həmin debatlar kontekstində ciddi rezonans doğurub.
Mənbə: Caliber
Aytən Ağazadə