Rusiyanın keçmişi, Qırğızıstanın gələcəyi

Bölmə: Siyasət › ,
Tarix: 22:19 02.07.2025

Rusiya və Qırğızıstan prezidentləri Vladimir Putin və Sadır Japarov Moskvada görüşüblər. Görüş Kremldə keçirilib.

Kremlin mətbuat xidməti Putinin Japarovu Kremldə qarşılamasının görüntülərini yayıb. 

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı "İnformator.az"a açıqlamasında görüşün mahiyyətindən və Mərkəzi Asiya reallığından danışıb:

 

"Putin və Japarov arasındakı görüşün əsas motivi, qlobal səviyyədə baş verən dərin geosiyasi dəyişikliklər fonunda iki ölkənin strateji maraqlarını qorumağa yönəlmiş diplomatik təşəbbüs idi. Gerçəkliyə nəzər salaq: Mərkəzi Asiya və ya Türküstan regionu coğrafi mövqeyinə görə elə mürəkkəb və ziddiyyətli siyasi dinamikaya malikdir ki, buradakı dövlətlər üçün manevr imkanları məhduddur.

Baxmayaraq ki, Rusiya hələ də bu ərazilərdə yaşayan qırğızları, türkləri və digər xalqları etnik baxımdan ikinci dərəcəli hesab edir, bu reallıq region ölkələrinin ondan asanlıqla uzaqlaşmasına imkan vermir. Səbəblər çoxdur — iki əsrlik imperiya siyasətinin dərin təsirləri, Çin və Rusiya arasında "sıxılmış" geosiyasi mövqe, habelə yerli ölkələrin iqtisadi, hərbi və siyasi baxımdan hələ yetərincə güclənməməsi.

Məhz bu səbəbdən Japarovun Moskvaya səfəri, xüsusilə də Rusiyada qeyri-rus xalqlara qarşı etnik qərəzin artdığı bir dövrdə baş tutması, Qırğızıstanın milli maraqlarının qorunmasına yönəldilmiş praqmatik addım kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Rusiya da bu danışıqlarda öz mövqeyini qorumağa çalışır. Hər nə qədər iqtisadi resurslara və hərbi imkanlara sahib olsa da, Moskva anlayır ki, qloballaşan dünyada yalnız güc faktoru deyil, diplomatik çeviklik, siyasi sabitlik və çoxtərəfli əməkdaşlıq da önəmli rol oynayır. Yeni dünya düzəni artıq təkqütblü deyil — kim daha çox tərəfdaşla konstruktiv münasibət qurursa, o da beynəlxalq sistemdə daha çox təsir imkanı əldə edir. Buna görə də, Rusiya Mərkəzi Asiya ölkələrini Qərbə və Türkiyəyə meyllənməkdən çəkindirməyə, onları öz orbitində saxlamağa çalışır. Son illər bu dövlətlər Qərblə və xüsusilə Türkiyə ilə münasibətləri gücləndirməyə səy göstərir və bununla paralel olaraq Çin və Rusiyaya qarşı alternativlər formalaşdırmağa çalışırlar".

 

Siyasi şərhçi onu da vurğulayıb ki, Qırğızıstan həm Çin, həm də Rusiya təsirindən uzaqlaşaraq, milli suverenliyini qoruma yolundadır:

 

"Qırğızıstanın Rusiyaya yaxınlaşmaq niyyətində olduğunu düşünmürəm. Əksinə, Bişkek Moskvanın təsir dairəsindən tədricən uzaqlaşmaq, onun daxili siyasətdəki nüfuzunu minimuma endirmək, mümkün qədər müstəqilliyini möhkəmləndirmək istəyir. Amma reallıqlar göstərir ki, bu arzu təkcə istəklə həyata keçə bilməz. Məhz bu səbəbdən mərhələli şəkildə bir proses başlayıb — Qırğızıstanın həm Rusiya, həm də Çin təsirindən uzaqlaşaraq, milli suverenliyini qoruma strategiyası.

Qırğızıstan rəhbərliyi anlayır ki, ölkə hərtərəfli inkişaf səviyyəsinə çatana qədər qonşu güclərlə qarşıdurmadan qaçmaq, onlarla neytral və balanslı münasibətlər saxlamaq məcburiyyətindədir. Yəni, potensial təhlükələrin qarşısını öncədən almaq üçün diplomatik zəriflik tələb olunur. Bu səbəbdən Japarovun Moskvadakı fəaliyyəti, əslində, "təzyiqə qarşı önləyici tədbir" kimi qiymətləndirilə bilər.

Rusiyanın keçmiş sovet respublikalarına verdiyi mesaj hələ də dəyişməyib: “Mən regionun lideriyəm. Mənim sözüm qanundur. Mənim maraqlarım sizin qərarlarınızın əsasını təşkil etməlidir". Lakin bu ritorika artıq əvvəlki kimi təsirli deyil. Ukraynadakı hərbi kampaniya strateji baxımdan Moskvanın ciddi zəifləməsinə səbəb olub.

Bəli, Rusiya müəyyən əraziləri nəzarətə götürə bilər, lakin qlobal baxımdan bu müharibə ABŞ və Qərb qarşısında uğursuzluq kimi dəyərləndirilir. ABŞ həm qlobal mövqeyini qoruyur, həm də müttəfiqlərini bir araya gətirərək öz maraqlarını təmin edir. Rusiya isə Ukraynada mövqelərə ilişib qalıb, beynəlxalq imicini itirməkdədir.

Nəticə etibarilə, Rusiyanın region ölkələrinə verdiyi mesajlar artıq nostalji xatırlatmadan başqa bir şey deyil".

 

Sonda Həşim Səhrablı qeyd edib ki, dünya dəyişdi, amma Rusiyanın imperiya xisləti dəyişmədi:

 

"Ermənistan artıq Rusiyadan əvvəlki kimi çəkinmir. Halbuki, bir zamanlar bu ölkənin siyasi sistemləri demək olar ki, Moskvadan idarə olunurdu. Gürcüstan da oxşar şəkildə, Rusiya ilə məsafə saxlayaraq, öz balanslı xarici siyasətini qurmağa çalışır. Baltikyanı dövlətlər isə uzun müddətdir fərqli strateji kursa keçiblər.

 

Azərbaycan isə ,bəlkə də, ən bariz nümunədir. Rusiya ilə münasibətlərində müstəqil və qətiyyətli mövqe sərgiləyir. Moskvanın təzyiqlərinə tabe olmaq əvəzinə, öz milli maraqlarından çıxış edərək addımlar atır. Bu da onu göstərir ki, postsovet məkanındakı bir çox ölkələr artıq monolit təsirləri qəbul etmir, alternativ güc mərkəzləri ilə əlaqə quraraq daha çevik və çoxşaxəli xarici siyasət yürüdürlər.

 

Rusiyanın klassik yanaşması isə dəyişməz qalır: "Mən güclüyəm. Mənim dediklərim icra olunmalıdır". Amma bu mesajların praktik nəticəsi getdikcə zəifləyir. Region ölkələrinin əksəriyyəti milli mənafelərini daha aydın şəkildə müəyyənləşdirir, Qərb, Türkiyə, Çin kimi müxtəlif aktorlarla paralel əlaqələr qurur və Rusiya ilə münasibətlərə daha soyuq və ehtiyatlı yanaşır.

Putin–Japarov görüşünün isə Rusiya–Çin və ya Çin–Qazaxıstan münasibətlərinə ciddi təsir göstərəcəyini düşünmək real görünmür. Bunun üçün Moskva ilə Bişkek arasında ciddi, strateji əhəmiyyət daşıyan sənədlər və ya uzunmüddətli əməkdaşlıq formatları imzalanmalı idi. Halbuki, bu görüş daha çox formal xarakter daşıyır, bəzi diplomatik bəyanatlar və ya simvolik razılaşmalarla yekunlaşa bilər.

Rusiya hər ölkə ilə fərqli yanaşma sərgiləyir — Çinlə olan münasibətləri bir model üzrədir, Qazaxıstanla fərqli maraqlar üzərində qurulub, Qırğızıstanla isə ayrı strategiya yürüdülür. Bu görüş sadəcə Moskvanın postsovet məkanında keçmiş nüfuzunu yenidən canlandırmaq istəyi ilə bağlıdır. Sovet dövründəki kimi mərkəzi idarəçilik modelinə qayıtmaq arzusu aydın sezilir. Lakin bu, artıq həyata keçməsi mümkün olmayan bir məqsəddir. Rusiya xarici siyasətdə ciddi səhvlərə yol verib. Dünya dəyişib, amma Moskvanın imperiya düşüncəsi dəyişməyib. Bu da onu regionda təcrid olunmuş və arzuolunmayan tərəfə çevirib.

 

Beləliklə, istər Putin, istərsə də Kreml istədiyi qədər mesaj versin – artıq reallıqlar fərqli istiqamətdə inkişaf edir və Rusiya üçün əvvəlki dominant statusu yenidən qazanmaq getdikcə çətinləşir".

 

Lalə Qafarova