Türk Qurşağı Oyanır: Yaşıl Xəttlə Gələcəyə, Zəngəzurla Birliyə

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:18 02.07.2025

Özbəkistan və Azərbaycan arasında sənaye, infrastruktur, kənd təsərrüfatı, səhiyyə, turizm, bank və digər sahələri əhatə edən ayrıca Əməkdaşlıq Proqramı qəbul edilib.

 

Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli "İnformator.az"a açıqlamasında bildirib ki, iki dövlətin yaxınlaşması Türk Dövlətləri Təşkilatının güclənməsinə vəsilədir:

 

"Azərbaycanla Özbəkistanın əməkdaşlığı hələ Sovet dövründə olub. Amma o zaman bu əməkdaşlıq əsasən pambıqçılıq üzərində qurulmuşdu. Bu sahədəki əməkdaşlıqda müəyyən səthi yanaşmalar da müşahidə olunurdu. Məsələn, Azərbaycanda istehsal edilən pambıq Özbəkistan pambığının keyfiyyətinə yaxın belə gəlmirdi. Biz də istehsal etdiyimiz pambığı Özbəkistana göndərirdik, lakin orada həmin pambıqdan demək olar ki, istifadə olunmurdu. Yəni, hər iki ölkə eyni dövlətin fərqli regionları olsa da, bu əməkdaşlıq real səmərəlilik daşımırdı.

Lakin indi də, o zaman da müxtəlif sahələrdə əməkdaşlıq var. Hazırda Özbəkistandan Azərbaycana müxtəlif çərəz məhsulları və digər ərzaq məhsulları ixrac olunur. Azərbaycandan Özbəkistana isə ixrac kifayət qədər məhduddur — əsasən sitrus meyvələri, mövsümi meyvələr və sair. Yəni, ixrac çeşidi və həcmi aşağıdır. Buna görə də hesab edirəm ki, bu proqram çərçivəsində azərbaycanlı iş adamları Özbəkistanda, özbək iş adamları isə Azərbaycanda maraq dairələrinə uyğun sahələrə investisiya yatıracaqlar.

Hər iki dövlət türkdilli xalqlardır, adət-ənənələri və dil baxımından bir-birinə yaxındır. Bu yaxınlaşma, ticarət əlaqələrinin intensivləşdirilməsi və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sözügedən elektrik enerjisi layihəsi isə "Yaşıl Xətt" adlanır. Bu layihə Azərbaycandan Gürcüstana, oradan isə Qara dənizin altı ilə Avropa ölkələrinə qədər uzanacaq. Bu marşruta maraq göstərən ölkələrin sayı kifayət qədərdir. Hətta Ermənistan belə bu xəttə qoşulmaq istəyir. Bu xətt vasitəsilə alternativ enerji mənbələrindən əldə edilən elektrik enerjisi Avropaya ixrac ediləcək.

Sonradan bu layihəyə Qazaxıstan və Türkmənistanın da qoşulacağı ehtimal olunur. Artıq Özbəkistan layihəyə qoşulduğunu bəyan edib. Enerji marşrutu belə olacaq: Özbəkistandan Qazaxıstana, oradan Xəzər dənizinin dibi ilə Azərbaycana, daha sonra isə qeyd etdiyimiz istiqamətdə Avropaya ixrac baş tutacaq. Bu, yaşıl enerji istehsalı və ixracı baxımından qlobal səviyyədə olduqca əhəmiyyətlidir. Eyni zamanda bu xətt ölkələrin iqtisadiyyatına böyük dividentlər gətirəcək. Bu tükənməz bir enerji mənbəyidir.

Ermənistan da bu layihəyə qoşulmaq istəyir. Amma bunun üçün əvvəlcə Azərbaycanla sülh müqaviləsi imzalanmalı, münasibətlər dostluğa yönəlməlidir. Yəni, Azərbaycanı düşmən kimi görməkdən vaz keçməlidirlər. Əgər münasibətlər normallaşsa və Ermənistanda potensial olsa, layihəyə qoşula bilərlər. Dağ çayları kifayət qədərdir, amma külək enerjisi potensialı zəifdir. Yəni, gələcək üçün düşünürlərsə, əvvəlcə Azərbaycanla münasibətləri yaxşılaşdırmalıdırlar. Çünki bu layihənin əsas sahibi Azərbaycandır".

 

Ekspert əlavə edib ki, heç kim hələlik nə qazdan, nə də neftdən imtina etmir:

 

"Özbəkistan hərçənd Orta Asiya ölkəsidir, lakin iqtisadi modelləri baxımından onlardan öyrəniləsi çox nümunələr var. Hətta Qazaxıstan və Qırğızıstan da bu baxımdan Azərbaycandan öndədir. Onların vergi və büdcə sistemi daha təkmildir. Hesab edirəm ki, Azərbaycan türkdilli ölkələrdən bu kimi uğurlu modelləri mənimsəyə bilər.

Digər tərəfdən, alternativ enerji mənbələri ilə yanaşı, ənənəvi enerji mənbələri də hələ ki, aktuallığını qoruyur. Qaz və neftdən imtina edən yoxdur. Ümumi enerji layihələri çərçivəsində Özbəkistanın da rolu var. Onların kifayət qədər qaz ehtiyatları mövcuddur və bu ehtiyatlar Avropaya ixrac edilə bilər. Amma bu xətt mütləq Azərbaycandan keçməlidir. Bu da Azərbaycana tranzit rüsumları və digər dividentlər qazandıracaq".

 

Sonda Akif Nəsirli Orta Dəhlizi "türk qurşağı" adlandırıb və Zəngəzur dəhlizi məsələsinə toxunub:

 

"Orta Dəhliz əslində "türk qurşağı" adlandırıla bilər. Bu dəhliz Çindən başlayır: Çin–Qırğızıstan–Qazaxıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan marşrutu ilə hərəkət edir. Bu dəhliz türk xalqlarını birləşdirən bir marşrutdur.

Bircə Zəngəzur dəhlizinin açılması qalır. Bu dəhliz açılsa, Türkiyə Azərbaycana birbaşa və qısa yolla bağlana bilər — Gürcüstan üzərindən keçmədən. Ermənistan ərazisində bu dəhlizin uzunluğu 40 kilometrdir. Əslində, Zəngəzur qədim Azərbaycan torpağıdır. Bu gün Zəngəzur dəhlizinin açılmasına mane olan qüvvələrin əsas qorxusu türk qurşağının bütövləşməsidir. Ona görə də İran bu məsələyə qarşı çıxır. Avropada fikir ayrılığı var, Amerika isə tərəddüd edir. Onların tərəddüdü türk xalqlarının birləşməsindən yox, Çin iqtisadiyyatının bu dəhliz vasitəsilə yeni nəfəs yolu əldə etməsindən qaynaqlanır.

Amma siyasi baxışlardan kənara çıxsaq, iqtisadi nöqteyi-nəzərdən Orta Dəhliz həm Cənub, həm də Şimal dəhlizlərindən daha səmərəlidir. Yüklərin daşınma müddəti daha azdır, yol daha qısadır və təhlükəsiz ərazilərdən keçir. Şimal dəhlizi Rusiya və Türkiyə üzərindən, Cənub dəhlizi isə Hindistan, Pakistan və İran ərazilərindən keçir".

 

Lalə Qafarova