Xankəndidə ABŞ-nin mesajını İrana çatdırdıq

Bölmə: Siyasət › ,
Tarix: 16:09 09.07.2025

Vaşinqtonun nüvə danışıqlarının bərpası ilə bağlı mövqeyi artıq İranın hakimiyyət orqanlarına çatdırılıb.


Mövzu ilə bağlı “İnformator.az”a Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirir ki, Hakan Fidan bu fikirləri boşuna demir:

 

“O bilavasitə bölgədə gedən proseslərdə ölkəsinin əsas oyunçulardan biri olduğunun mesajını verir. Yəni “Amerikanın mövqeyini İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən sammitində, həm də BRİKS sammiti çərçivəsində İran tərəfinə çatdırmağa nail olduq” deməklə həm də Türkiyənin bu proseslərdə vasitəçi ola biləcəyini göstərir. Əslində bu da həm bizim üçün, həm də qardaş ölkə üçün çox gözəl olardı. Türkiyənin bölgədə və dünyada nüfuzu nə qədər artdıqca bundan Azərbaycan olaraq ancaq və ancaq dividentlər əldə edərik. Ankaranın gücünə, etibarına və peşəkarlığına dünyada hər kəs inanır. Onun üçün də Rusiya-Ukrayna savaşında əsas vasitəçi gözündə Türkiyə görünür. Müharibənin bitməsi yönündə keçirilən iki İstanbul görüşü dediklərimizin əyani sübutudur. İranın nüvə məsələsi də bu qəbildəndir. Unutmayaq ki, Hakan Fidan siyasət ustalarından biridir və Xankəndidə belə bir mövqeyin Tehrana çatdırıldığını qeyd etməklə həm Xankəndidə keçirilən sammitin önəmini qabardır, həm də Azərbaycanı önə çəkir. Onsuzda nüvə danışıqları ilə bağlı ABŞ-İran danışıqları bir daha dalana dirənib. Ötən ay ki, İsrail-İran savaşından çıxış etsək bunu düşünməyə əsaslar var. Sadəcə qardaş ölkə bu danışıqları bərpa etməkdə əsas vasitəçi ola biləcəyini diqqətlərə gətirir. Sözsüz ki, İran prezidentinin İƏT sammitində iştirak üçün Xankəndiyə gəlməsi də burada az rol oynamadı. Amerikanın bu bölgədə təsirini artırmaq cəhdləri hər zaman olub, bu onun xarici siyasətdəki əsas hədəflərindən biridir. Sadəcə onun qarşısını alan qüvvələr var ki, bunun da başında Rusiya və İran gəlir. Onun üçün də Vaşinqton Ankaraya üz tutub. Başqa çarəsi də qalmayıb”.


Həmçinin şərhçi qeyd edir ki, bu proseslərdən Azərbaycan üçün heç bir halda narahat deyil:


“Amerikanın belə bir təşəbbüsünün Azərbaycanın 24 saatdan az müddətdə həyata keçirdiyi antiterror əməliyyatı ilə erməni quldurlarından təmizlədiyi tarixi şəhərimizdə İrana çatdırılmasının başqa bir özəlliyi də var. Artıq Xankəndi önəmli tədbirlərin keçirildiyi əsas məkan, Azərbaycan şəhəri kimi iri güclər tərəfindən qəbul olunur. Onun üçün də bizim suverenliyimizə heç bir təhlükə yoxdur, əksinə suverenliyimiz, müstəqilliyimiz əmin əllərdədir. İstənilən halda İsrail-İran arasındakı son savaşdan sonra ABŞ tərəfindən belə bir mövqeyin nümayiş etdirilməsi Vaşinqton-Tehran əlaqələrində yeni bir mərhələnin başlandığını demək olar. Açığı ümidverici nəsə gözləmirəm. Amma yenə də yeni bir savaşın bu gedişlə hələ gözlənilmədiyinə ümid edək”.

Aysel Mirzəyeva