Qəzzada yeni bir milis dəstəsi HƏMAS-a qarşı çıxmağa hazırlaşır

Bölmə: Dünya › ,
Tarix: 13:02 10.07.2025

Qəzzada "Xalq Qüvvələri" adlanan yeni fələstinli milis dəstəsi HƏMAS-a meydan oxuyur. Lakin bu qruplaşma və onun lideri Yasir Əbu Şababın kriminal keçmişi ilə bağlı ciddi skeptisizm mövcuddur.

 

Qəzza zolağında sayları 300 nəfər olan və məqsədi bölgəni HƏMAS-dan azad etmək olan yeni bir fələstinli silahlı dəstə yaranıb. Bu qruplaşma İsrail tərəfindən dəstəkləndiyini iddia edir.
"Xalq Qüvvələri" adlanan bu dəstə Rəfahın şərq hissəsində fəaliyyət göstərir və təxminən 30 yaşında olan, əvvəllər kriminal fəaliyyətə görə HƏMAS tərəfindən həbs edilən və 7 oktyabr hücumlarından sonra azadlığa çıxan bədəvi Yasir Əbu Şabab tərəfindən idarə olunur.
Əbu Şababın rəhbərlik etdiyi qruplaşma Somali mənşəli radikal "Əş-Şabab" təşkilatı ilə əlaqəli deyil. Bu dəstə ilk dəfə 2024-cü ilin iyun ayında üzə çıxıb.
“Xalq Qüvvələri”, həm də Antiterror Xidməti adlanır və özlərini "xalqdan çıxmış könüllülər" kimi təqdim edirlər. Onlar humanitar yardımları HƏMAS-la əlaqəli dəstələrin "talançılığından, korrupsiyasından və təşkilatlanmış oğurluğundan" qoruduqlarını bildirirlər.
"Biz peşəkar döyüşçü və ya partizan müharibəsi aparan milis dəstəsi deyilik", – deyə qruplaşmanın "Euronews"a təqdim etdiyi bəyanatda qeyd olunur.


Euronews
Fatimə Heydərova