Putin niyə Trampın çağırışlarına məhəl qoymur?

Tarix: 13:23 10.07.2025
Kreml açıq şəkildə Donald Trampın Ukraynada müharibənin dayandırılması ilə bağlı çağırışlarını görməzdən gəlir, çünki Vladimir Putin Rusiya ordusunun cəbhəni yara biləcəyinə və Ukraynanı tamamilə “sındıra” biləcəyinə inanır.
Bu barədə “Nyu York Tayms” nəşri yazıb.
Belə ki, nəşrin Kremlə yaxın iki mənbəsinə istinadən bildirilir ki, Rusiya lideri döyüş meydanında Rusiyanın üstünlüyünün artdığına və Ukraynanın müdafiəsinin qarşıdakı aylarda çökə biləcəyinə inanır. Onlar, həmçinin bildiriblər ki, Putin hazırda döyüş əməliyyatlarını dayandırmağı mümkün hesab etmir, əgər Ukrayna ciddi güzəştlərə getməsə.
“O, Tramp ilə münasibətləri yaxşılaşdırmaq naminə Ukrayna ilə bağlı məqsədlərindən imtina etməyəcəkdir”, – deyə Karnegi Rusiya-Avrasiya Mərkəzinin baş elmi əməkdaşı Tatyana Stanovaya Kremlin daxili mənbələri ilə razılaşaraq bildirib.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin təsir gücü artıq əvvəlki kimi deyil:
"Çünki dünya ölkələri güclənib, regional güc mərkəzlərinin sayı artıb. Bəli, dünya miqyasında ABŞ hələ də "birinci güc" hesab olunur. Amma artıq çoxsaylı regional güclər meydana çıxıb və bu güclər qlobal mərkəzdən asılı olmaq istəmir, öz maraqlarını irəli sürür və diktə edirlər.
Bu ölkələrdən birincisi Rusiyadır. Çünki Rusiya tarixən dünya güclərindən biri olub. Boris Yeltsin dövründə bu mövqe zəifləsə də, Vladimir Putinin hakimiyyətə gəlməsi ilə Rusiya özünü toparladı. Putinin komandası tez-tez Yeltsin dövrünü tənqid edir. SSRİ dağılandan sonra Rusiya diz üstə düşdü, amma artıq yenidən ayağa qalxıb və dünya gücü olmaq üçün addımlar atır.
Hazırda Rusiya cəbhədə irəliləmiş vəziyyətdədir. Əgər 2022-ci ilin fevralında başlayan müharibəni götürsək, 2025-ci ilin may ayı Rusiya ordusunun cəbhədə ən çox irəlilədiyi dövr olub. Gün ərzində 10-15 kilometrə qədər irəliləmə qeydə alınırdı. Düzdür, son məlumatlara əsasən, Ukrayna bu tempi dayandırıb. Xüsusilə də Sumı istiqamətində Ukrayna Rusiyanın irəliləməsini əngəlləyib. Amma Rusiya hələ də maksimum torpaq qazanmaq istəyir – nə qədər çox torpaq götürsə, bir o qədər əlverişli mövqedən dayanmaq şansı olacaq.
İndi Putin bu barədə generallarından məlumat alır. Böyük ehtimalla, generallar da deyirlər ki, “İrəliləyək, resursumuz var, nə qədər mümkün olsa torpaq götürək, sonra lazım olsa dayanarıq". Ruslar müxtəlif yollarla insan resurslarını artırmağa çalışır, vətəndaşlığı olmayan miqrantlar belə cəbhəyə çağırılır. Hətta bəzi məlumatlara görə, vətəndaşlığı olmayan şəxslərin də Rusiya-Ukrayna müharibəsində iştirakına icazə veriləcək. Bu da onu göstərir ki, Rusiya Şimali Koreya və digər ölkələrdən insan resursu dəstəyi ala bilər.
Putin öz vətəndaşlarının, xüsusilə də Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov, Vladivostok kimi şəhərlərin sakinlərinin cəbhədə ölməsinə risk etmir. Çünki rus analarının ayağa qalxmasından qorxur. Onlar vaxtilə Çeçenistan müharibəsində də etiraz etdilər. İndi isə bu narazılıq daha geniş miqyas ala bilər. Bu səbəbdən əvvəlcə dağıstanlılar, çeçenlər, yakutlar ön cəbhəyə göndərilirdi. İndi isə görünür ki, bu ehtiyatlar da tükənib və Şimali Koreya vətəndaşları səhnəyə gətirilib. Hətta bəzi hallarda azərbaycanlı miqrantlara da təzyiq edilir – onlara deyilir ki, Rusiya ərazisində qalmaq istəyirsinizsə, müqavilə imzalayın və cəbhəyə gedin. Bunun müqabilində onlara pul da təklif olunur".
Politoloq əlavə edib ki, bu resurs təminatı məsələsində pul amili də önəmli rol oynayır:
"Belə deyək, “pulu möhürləyən cihaz” ABŞ-nin əlindədir – yəni dolları o çap edir və dünyaya paylayır. Amma Rusiya da öz rubl cihazına sahibdir – öz pulunu çap edib, ordunu maliyyələşdirir. Tək məqsəd: torpaq qazanmaq, qalib gəlmək və Putinin mövqeyini gücləndirməkdir.
Unutmamalıyıq ki, Rusiya dünyanın altıda bir hissəsini əhatə edir və yeraltı sərvətlərlə zəngin bir ölkədir. Bu resurslardan istifadə edərək Ukraynanı təzyiq altında saxlamağa çalışır. Amma hələlik Ukrayna boyun əymir. Zelenski dirənir, xalq da ona arxalanır. Xalqa mesaj verir ki: “Dirən!”
Bu oyunda Tramp da qərarsız mövqedədir. Əvvəllər Putini tərifləyirdi, indi isə təhqir edir, "axmaq" adlandırır. Amma bu, Trampın dəyişkənliyini göstərir – sabah yenidən Putini tərifləyə də bilər.
Bir sözlə, müharibənin yaxın zamanda dayanacağı gözlənilmir. Proses davam edəcək".
Aytən Ağazadə