Teatr-dünən, bu gün və sabah

Tarix: 22:26 13.07.2025
Teatr...Bu sözü eşidəndə ilk ağlınıza nə gəlir? Gözünüzün önündə nə canlanır? Qulağınıza hansısa bir söz, səs, musiqi, replika gəlirmi? Bu suallara veriləcək bir cavabınız varsa, nə xoş sizə. Çünki hazırda teatrın nə olduğunu bilməyən bir gənclik yetişir. Bir teatr sevən və xalqın maariflənməsinə gedən yolun məhz bu məkandan keçdiyini bilən biri olaraq bu məni narahat edir.
Rusların bir fikri var “teatr asılqandan başlayır”. Teatr binasından içəri girib asılqana üst geyimini verib, zalda yerini tapmaq, səssizcə tamaşanı izləmək, özündə müəyyən fikirlər formalaşdırmaq, nəticə çıxarmaq, bütün bunlarda sənə yardım edən insanları – rejissor və aktyorları,həmçinin onların timsalında səs, işıq, geyim, dekorda, ümumi işin ərsəyə gəlməsində əməyi keçən hər kəsi ayaq üstə alqışlamaq – fərqli bir proses deyilmi? Həqiqi dünyadan ayrılırsan, amma həqiqi dünya haqqında öyrənirsən.
Teatrda hər tamaşa bir dəfə yaşanır, bir dəfə hiss olunur və bir ömür yadda qalır. Hər ay təkrarlanan tamaşalar ad olaraq təkrarlanır. Amma aktyorlar demək olar ki, hər dəfə öz energetikalarının tələbi ilə fərqli oyun göstərirlər.
Tamaşa başlamamış pərdə arxasında baş verən proseslər var, hansı ki, bu, ortaya qoyulacaq işin mükəmməl olması, aktyorların rahat oyun sərgiləməsi, tamaşaçıların bütün fikrinin tamaşada olması üçün edilən ritualı xatırladır.
Hər bir tamaşanın özü üçün hazırlanmış xüsusi rekvizitlər, tikilmiş geyimlər, işıq, musiqi və aktyor oyunu birləşərək bir harmoniya yaradır.
Peşəkar aktyorun səhnədə atdığı bir baxış belə min sözü əvəz edir. Yüngül pauza bəzən bir monoloqdan daha təsirli olur. Tamaşanın gedişində artıq sevdiyin və nifrət etdiyin obrazları müəyyənləşdirirsən. Hətta bəzən elə olur ki, aktyor öz rolunu o qədər məharətlə ifa edir ki, necə deyərlər, gözündə pis insana çevrilir. Bu isə o deməkdir ki, istedadlı aktyor və rejissorlarımız çoxdur. Onda maraqlıdır, bəs niyə “teatrda tamaşaçı əlindən tərpənmək olmurdu” ifadəsini hələ də işlədə bilmirik?! Məni maraqlandıran növbəti sual isə aktyorlarımızın bu barədə nə düşünməsidir?
Bunun üçün üz tutduq Gənc Tamaşaçılar teatrının aktyoru, Bakı Dövlət Universitetinin çox sayda tamaşa və tədbirlərinin quruluşunu vermiş və hazırda da oranın rejissoru olan Vahid Orucoğluna. Sizə müsahibəmizi təqdim edirik.
Vahid bəy, gənclərin teatra olan soyuq münasibətini hər kəs kimi siz də müşahidə etmisiniz, düşünürəm. Bir aktyorun baxış bucağından baxsaq, bunu aradan götürmək üçün nələr edilməlidir?
“Düşünürəm ki, biz bunu cəmiyyət olaraq araşdırmalıyıq ki, gənclər nə istəyir, teatrda nə görmək istəyirlər? Biz də repertuarı ona uyğun seçməliyik. Mən şəxsən özüm də Bakı Dövlət Universitetində bununla bağlı bir sorğu keçirdim və təəccübləndim ki, Azərbaycan gəncliyi teatrımızın səhnəsində tarixi əsərlər görmək istəyir. Fikirləşirdim ki, hər hansısa bir komediya yaxud da 44 günlük müharibə mövzusunda zəfərlə bağlı bir tamaşa istəyə bilərlər. Amma nədənsə tarixi əsər istəyənlər çox idilər.
Biz də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrı olaraq sezon finalına yaxın “Şah Abbas Namə” tamaşasının premyerasını etdik. İnşallah, gələn sezonda yenidən oynayacayıq. Tarixi tamaşa deyiriksə, o da repertuarımızda var. Fürsətdən istifadə edərək hər kəsi tamaşamızı izləməyə dəvət edirəm”.
Teatrların daha çox tanınması, tamaşaçıları bura cəlb etmək üçün isə aktyorumuz reklam sisteminə keçilməsinin daha yaxşı olacağını vurğulayaraq dedi: “İstərdim ki, bütün teatrlar prodüser teatrı sisteminə keçsin. Çünki nə qədər çox piar, reklam olsa, istəyir televiziya, istəyir radio, qəzetdə teatrlar daha çox tanınar. İndi sosial şəbəkələr dövrüdür, məsələn elə olur ki, İnstagram üzərindən reklam sayəsində adam bir günün içində tanınmış olur. Buna görə də çalışaq ki, teatrları bu sistemə keçirək. Bizim Gənc Tamaşaçılar teatrının həm gənc, həm uşaq, həm də digər yaş kateqoriyalarından tamaşaçıları var. Lakin reklam olsa, bu tələbat düşünürəm ki, daha da artar”.
Həmçinin tanınmış aktyorumuz qeyd edir ki, tamaşaçıların hər birinin maraq dairəsinə uyğun tamaşalar repertuarda mövcuddur. Təki gənclərin həvəsi olsun və gəlib baxmaq istəsinlər. Vahid Orucoğlunun gənclərə məsləhəti də var:
“Bizim millət haqqında teatral millət deyilik, deyirlər. Mən çox istəyərdim ki, biz teatral millətə çevrilək. Çünki teatr özü bir məktəbdir, mədəniyyət ocağıdır. Bəlkə də, kənardan elə görünür ki, tamaşadı oynanıldı, tamaşaçı da gəlib baxıb çıxıb getdi. Əslində burda absurd hadisələr baş vermir. Daha dərin düşünsək və fikir versək görərik ki, teatra gedən uşaqla, teatra getməyən uşağın istər mədəniyyət, istər tərbiyəsi arasındakı fərq kəskin görünür. Tövsiyə edirəm ki, 3-5 yaşından etibarən ilk olaraq Kukla teatrı olmaqla valideynlər uşaqları teatra aparsınlar. Müəllimlər də bu mövzuda həvəsli olsunlar. Uşaqları teatra gətirsinlər ki, gələcəkdə onların öz seçimləri olsun ki, Gənc Tamaşaçılar teatrınamı gedəcəklər, Akademik Milli Dram teatrınamı, Akademik Musiqili Dram yoxsa Rus Dram teatrınamı. O ruhda böyümüş uşaqlar artıq teatrı tanıyır, onu sevir, aktyorlara qarşı münasibəti, hörməti daha fərqli olur. Çox arzulayıram ki, bizdə elə bir cəmiyyət formalaşsın”.
Qeyd edim ki, Vahid Orucoğlu Bakı Dövlət Universitetində bir çox tamaşanın quruluşçu rejissoru olub. Bu tamaşalara “Qarabağ Azərbaycandır!”,”Arzu və Murad”, “Ana”, “Yarımçıq qalmış”, “Ölülər”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Ezop”, “Müalicə” kimi tamaşalar aiddir. Bunu da vurğulayım ki, bu tamaşalardan “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası professional səhnədə- Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında oynanılmışdı. Növbəti tamaşa olan “Ezop” isə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində oynanılmış və ali təhsil müəssisələri arasında keçirilmiş müsabiqədə respublikanın ən yaxşı tamaşası seçilmişdir.
Bu haqqda danışan müsahibimiz gənclərin səhnədə istəklərini mütləq nəzərə aldığını və tamaşaları da bu istəklərə uyğun qurduğunu deyir:
“Bir var tamaşaçı gənc, bir də var qeyri-peşəkar olsa da, səhnədə oynayan gənc. Onların nə düşündüyü, nə istədiyi mənim üçün önəmlidir. Ona görə də qurduğum tamaşalar istər tamaşada oynayan gənclər, istərsə də, izləməyə gələn gənclər tərəfindən bəyənilib və həmişə gurultulu alqışlarla qarşılanıb. Hətta quruluşumda olan tamaşalardan eləsi olub ki, bir dəfə səhnəyə qoyulandan sonra sevildiyi və tələbat olduğu üçün yenidən oynanılıb. Yəni, gənclər nə istəyibsə, mən etmişəm. Lakin bu ancaq mənim çalışmağımla düzəlməyəcək. Bu mövzu ictimailəşdirməli və gəncləri teatra cəlb etmək üçün mühüm addımlar atılmalıdır”.
Son olaraq bunu da deyim ki, ən böyük xəyalım, “Bu gün şəhərdə sıxlığın səbəbi axşam tamaşanın olmasıdır. Camaat ora sözlərin canlı şahidi olmaq üçün gedir".
Ülviyyə Oruc