"Milli-Mənəvi Dəyərlərimizin İzində" Adlı Tədbir Keçirilib

Bölmə: Mədəniyyət › ,
Tarix: 17:21 14.07.2025

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi"nin maliyyə dəstəyi ilə “Ahıllara və Tənhalara” Dəstək İctimai Birliyi tərəfindən “Milli-Mənəvi Dəyərlərimizin İzində” adlı layihə çərçivəsində maraqlı bir tədbir təşkil olunub.

Tədbir çərçivəsində 55-65 yaş arası yaşlı nəslin nümayəndələri arasında milli-mənəvi dəyərlərə həsr olunmuş kiçik yarışma formatında proqram keçirilib. Tədbirin açılışında layihə rəhbəri Bəsti Nəsibova çıxış edərək bildirib ki, iştirakçılar ata-baba adət-ənənələri, xalq mahnıları və əl işləri ilə bağlı bilik və bacarıqlarını nümayiş etdiriblər. O, qeyd edib ki, bu müsabiqə ahılların bilik və yaddaşının aktiv saxlanması, eyni zamanda milli irsimizin gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Layihənin əsas məqsədi yaşlı insanların asudə vaxtlarını səmərəli və mənalı keçirmələrinə şərait yaratmaq, onların sosial fəallığını artırmaq və milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir. Eyni zamanda, bu cür təşəbbüslər yaşlı şəxslərin üzləşdiyi sosial çətinliklərin azaldılmasına dəstək verməyi hədəfləyir.

Tədbirin diqqətçəkən məqamlarından biri şəhid anası Nailə Mütəllimzadənin öz əlləri ilə hazırladığı müqəddəs Azərbaycan bayrağını nümayiş etdirməsi oldu. Onun bu əl işi vətənə olan sonsuz sevgini, şəhid analarının ürəyindəki qürur və fəxri ifadə edirdi. Nailə xanım bu nümunə ilə gənclərə vətənpərvərlik və milli dəyərlərə bağlılığın önəmini çatdırdı.

Layihənin digər iştirakçıları İntiqam Abbasov və Vüsalə Quluyeva öz ifaları ilə tədbirə xüsusi rəng qatdılar. Onlar sənətin gücünü nümayiş etdirərək tədbirə ruh yüksəkliyi bəxş etdilər və gənclərə sənəti sevmək, öyrənmək və qorumaqla bağlı dəyərli tövsiyələr verdilər.

Tədbirdə iştirak edən hər bir iştirakçının əl işləri nümayiş etdirildi. Onların hazırladığı əsərlər zövqlə təqdim olundu və tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirildi və yaradıcı yanaşma yüksək dəyərləndirildi. Bu təqdimat yaşlı nəslin bacarıq və istedadlarını üzə çıxarmaq baxımından xüsusi əhəmiyyət daşıdı. Sonda bütün iştirakçılara mükafatlar və xatirə hədiyyələri təqdim olundu.