Zəngəzur dəhlizində yeni mərhələ-İdarə özəl şirkətə verilə bilər

Bölmə: Siyasət › ,
Tarix: 16:10 16.07.2025

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Naxçıvana, Sünikdən keçən yolun (Zəngəzur dəhlizi – red.) idarəsinin özəl şirkətə verilə biləcəyini istisna etməyib. Paşinyan bu barədə mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, idarəetmənin verilməsi məsələsində hazırda bir neçə oxşar hal mövcuddur: “Məsələn, "Zvartnots" hava limanının idarəetməsi həvalə edilib. Hesab etmirəm ki, burada Ermənistanın yurisdiksiyası və ya ərazi bütövlüyü hər hansı şəkildə pozulub”, – deyə Paşinyan qeyd edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, son zamanlar Nikol Paşinyanın Türkiyəyə səfəri və Cənubi Qafqazda baş verən hadisələri müzakirə etməsi mühüm siyasi məsələlərdəndir:

 

“Hətta bu görüşlərdə Zəngəzur məsələsi haqqında da danışılıb. Paşinyan artıq bilir ki, Zəngəzur dəhlizi açılacaq. Əbu-Dabidə keçirilən təkbətək görüş də onu göstərdi ki, Azərbaycan Prezidenti Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı bir sıra faktlar irəli sürüb. Əgər Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyirsə, Konstitusiyada dəyişikliklər edilməlidir.

 

Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycana yox, Şərq ölkələrinə, xüsusilə də Çinə faydalı olacaq. Paşinyan 2020-ci ildə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürdüyünə dair sərəncam imzalayıb. 16 iyul tarixində keçirilən brifinqdə dəhlizin verilməsinin Ermənistan üçün heç bir təhdid yaratmayacağını bildirib.

 

Bu dəhlizin başqa bir ölkəyə – xüsusilə də ABŞ-yə verilməsini İran və Rusiya kimi ölkələr qəbul etməyəcək. Bu, bizim üçün də əlverişli sayılmaz. Əgər Azərbaycan–Türkiyə–Ermənistan birgə müəssisə yaratsa, bu bizim üçün daha faydalı olar. Əks halda, başqa ölkələrin Zəngəzur dəhlizinə nəzarət etməsi həmin ərazidə ciddi münaqişələrin yaranmasına səbəb ola bilər.

 

Buradan keçəcək əsas qüvvə isə azərbaycanlılar və türklər olacaq”, – deyə politoloq bildirib.

 

Aygün Babayeva