Moskva-Bakı Gərginliyi: Mədəni Tədbirlər Təxirə Salınıb

Tarix: 17:06 16.07.2025
Rusiyada sentyabr ayında keçirilməsi planlaşdırılan Azərbaycanla bağlı bir sıra mədəni tədbirlər ləğv olunub. Bu qərar Yekaterinburqda azərbaycanlılara qarşı baş vermiş hadisələrə etiraz olaraq verilib və iki ölkə arasındakı gərgin münasibətlərin davamı kimi qiymətləndirilir.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya Azərbaycana qarşı təzyiqlər göstərməyə çalışır:
"Kreml neoimperialist vərdişlərindən əl çəkmir. Azərbaycanı Rusiyanın maraqları ilə hesablaşmağa məcbur etmək istəyir. Problem məhz Rusiyanın bu imperiya təfəkküründən qaynaqlanır. Ona görə də Azərbaycan-Rusiya münasibətlərində mövcud olan problemlər məhz Rusiyadan qaynaqlanır. Bu, Rusiyanın yürütdüyü aqressiv siyasətlə, geosiyasi mövqeyi ilə əlaqəlidir. Bu baxımdan, problem məhz Rusiyanın özüdür. Ona görə də hesab etmək olar ki, Rusiyanın Azərbaycanla bağlı mədəni tədbirləri ləğv etməsi elə bir ciddi dəyişiklik yaratmayacaq. Rusiya bununla Azərbaycanla olan münasibətlərini daha da dərin böhrana salmış olacaq. Azərbaycanın Rusiya ilə elə bir ciddi asılılığı mövcud deyil. Azərbaycan maliyyə-iqtisadi təhlükəsizliyini tam şəkildə təmin edib. Azərbaycan iqtisadiyyatı Rusiyadan asılı deyil. Azərbaycan hərbi təhlükəsizliyini də təmin edib. Ordumuz ən müasir silahlarla silahlanmış, müasir təlim mərhələlərindən keçmiş güclü bir ordudur və ölkəmizi qorumaq qabiliyyətinə malikdir. Azərbaycanın ərazisində heç bir dövlətin, o cümlədən Rusiyanın hərbi bazası, təmsilçiliyi və ya kontingenti mövcud deyil. Bu da Azərbaycanın əlini gücləndirən önəmli faktdır".
Ekspert həmçinin bildirib ki, Azərbaycan tam müstəqil xarici siyasət yürüdür və daxili siyasətinə hər hansı bir xarici dövlətin, o cümlədən Rusiyanın müdaxilə etməsinə imkan vermir:
"Azərbaycanın Rusiyadan elə bir ciddi asılılığı yoxdur. Ölkəmizin Çinlə strateji tərəfdaşlığı mövcuddur. Azərbaycan ABŞ ilə münasibətlərini istiləşdirməyə başlayıb, çox yaxın əlaqələrin qurulması prosesi davam edir. Azərbaycan NATO üzvü olan və dünyanın ən güclü ordusuna sahib Türkiyə ilə strateji müttəfiqdir. Belə bir şəraitdə Rusiyanın Azərbaycana qarşı təzyiqlər göstərməsi, xüsusilə də mədəni tədbirləri ləğv edərək hansısa mesajlar verməsi tamamilə absurddur və məntiqsiz bir davranışdır.
Rusiya, əgər Azərbaycan ilə münasibətlərini normallaşdırmaq istəyirsə, ona təzyiq göstərmək niyyətindən tamamilə imtina etməli və ikitərəfli, bərabərhüquqlu münasibətlər qurmaq vərdişlərinə qayıtmalıdır. Əks halda, Azərbaycan və Rusiya arasında münasibətlər uzunmüddətli dövrdə də problemli olaraq qalacaq. Kremlin indiki davranışları münasibətlərin normallaşdırılması imkanlarını məhdudlaşdırır və bu problemlərin dərinləşməsini daha da sürətləndirir. Ona görə də bu barədə düşünməli olan tərəf Azərbaycan yox, məhz Rusiyadır. Əgər vəziyyət bu şəkildə davam edərsə, yaxın gələcəkdə Rusiya ilə Azərbaycan arasındakı ziddiyyətlər böhran xarakteri daşıyacaq və iki ölkə arasında normal münasibətlər sistemi demək olar ki, tamamilə sıradan çıxacaq".
Güllər Gülhüseynova