"Ursula fon der Leyen"dən rekord təklif

Tarix: 21:15 17.07.2025
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen yeni yeddiillik büdcə planını təqdim edib. 2 trilyon avroluq büdcə indiyədək təklif olunan ən böyük paketdir və bir sıra ciddi yeniliklər ehtiva edir. Büdcə daha çevik, şəffaf və strateji qurulub. Mövcud 52 proqram 16-ya endiriləcək, böhran vəziyyətləri üçün 400 milyard avroluq ehtiyat mexanizm yaradılacaq.
Ən çox müzakirə doğuran məsələ kənd təsərrüfatı və kohezion fondlarının birləşdirilərək “Milli və Regional Tərəfdaşlıq Planları”na çevrilməsidir. Bu dəyişiklik aqrar sahədə əsas qəbuledici ölkələr – Fransa, İtaliya və İspaniya tərəfindən etirazla qarşılanıb. Ekspertlər bu islahatın kənd təsərrüfatına real dəyərdə 20-30% azalma gətirəcəyini bildirirlər.
Fon der Leyen həmçinin hüququn aliliyinə xüsusi önəm verir – yeni təklifə əsasən, istənilən fondun ayrılması bu prinsipə əməl olunması ilə şərtlənəcək. Qaydaları pozan ölkələrə ödənişlər istənilən vaxt dayandırıla bilər. Bu dəyişikliklər Macarıstan kimi ölkələrin ciddi müqaviməti ilə qarşılaşa bilər.
Ukrayna üçün isə ayrıca 100 milyard avroluq fond ayrılıb. Bu vəsait müharibədən zərər çəkmiş ölkənin bərpasına yönəldiləcək. Genişlənmə prosesinə daxil olan digər namizəd ölkələr üçün də gələcəkdə büdcə nəzərdən keçiriləcək.
Müdafiə və kosmos sektoruna 131 milyard avro ayrılması nəzərdə tutulub. Silah alışı bilavasitə maliyyələşdirilməsə də, istehsal, tədqiqat və hərbi nəqliyyat infrastrukturuna dəstək veriləcək.
Fon der Leyen büdcənin maliyyələşdirilməsi üçün yeni mənbələr təklif edir: tullantı, tütün və iri şirkətlərə vergi, eləcə də karbon emissiyası ilə bağlı mexanizmlər. Bu yolla ildə 58,5 milyard avro gəlir əldə olunacağı proqnozlaşdırılır. Lakin bu təklifləri üzv dövlətlərin təsdiqlənməsi çətin ola bilər.
Euronews
Billurə Quliyeva