İslahatların aparılmasına ehtiyac var

Tarix: 15:43 05.08.2025
BMT-nin Baş katibi Antonio Quterreş mövcud beynəlxalq iqtisadi sistem və maliyyə arxitekturasında ciddi islahatların aparılmasına ehtiyacın olduğunu bəyan edib. "İkinci Dünya müharibəsindən sonra inkişaf etməkdə olan ölkələrin bir çoxunun iştirakı olmadan formalaşan mövcud beynəlxalq iqtisadi və maliyyə arxitekturası bu gün zamanın çağırışlarına cavab vermir və islahata ehtiyacı var", – Quterreş bildirib.Bundan əlavə, baş katib beynəlxalq qaydaların yenidən nəzərdən keçirilməsinin və dənizə çıxışı olmayan ölkələrdən mal və xidmətlərin sərbəst hərəkətinə mane olan logistik baryerlərin aradan qaldırılmasının vacibliyini qeyd edib. Xatırladaq ki, Türkmənistanda BMT-nin Dənizə Çıxışı Olmayan Ölkələr üzrə Üçüncü Konfransı (LLDC3) keçirilib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, BMT-nin iqtisadi sistemə real təsir imkanları azdır:
“BMT-nin öz nüfuzu son illərdə xeyli aşağı düşüb. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi 4 qətnamənin icra olunmaması göstərib ki, qurumun nüfuzu zəifləyibdir. Azərbaycan isə bu problemi 2020-ci ildə özü həll edib. BMT-nin selektiv yanaşması onu "hörmətdən salıb".Antonio Quterreşin ‘BMT 1945-ci ildən sonra yaranıb və o dövrlə bu gün arasında dünyada ciddi dəyişikliklər baş verib, BMT yenidən qurulmalıdır’ fikri ilə tamamilə razıyam. Azərbaycanın dünya okeanına çıxışının olmaması onun inkişafına ciddi mənfi təsir göstərib. BMT-nin beynəlxalq iqtisadi sistemində Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və s. kimi qurumlar mövcuddur. Onlar əsasən Qərb maraqlarını müdafiə edirlər. Buna baxmayaraq, BMT-nin beynəlxalq iqtisadi sistemin islahatı üçün real təsir imkanları da var. Zəngəzur dəhlizi məsələsi də bu kontekstdə qiymətləndirilə bilər".
Aygün Babayeva