Ukrayna xalqı narahatdır-Ölkənin taleyi gizli həll olunur

Bölmə: Siyasət › ,
Tarix: 17:34 11.08.2025

Siyasi baxışlarından asılı olmayaraq, Ukrayna və onun vətəndaşlarında ABŞ Prezidenti Donald Tramp və rus lideri Vladimir Putinin görüşündən belə bir təəssüratı yaranır: onlardan gizli nə isə həll olunur.


Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a bildirib ki, Ukrayna və Rusiya arasındakı müharibə ABŞ-nin maraqlarına da çox təsir etdiyi üçün Prezident Tramp rus liderlə belə bir görüşü zəruri hesab edir:

 

"Bu görüşün Ukrayna üçün mənfi nəticələri minimumdur. Şübhəsiz ki, ən azı atəşkəsin əldə olunması, müharibənin taleyininin həll edilməsi müzakirəyə çıxarıla bilər. Ukraynanın iştirakı olmadan keçiriləcək olan bu görüşə indidən neqativ yanaşmaq doğru deyil. Çünki Ukrayna və Rusiya olaraq tərəflərin birbaşa görüşü çalışmalara baxmayaraq mümkün və effektiv olmadı. Mümkündür ki, hazırda Tramp və Putinin görüşündən sonra tərəflərin özlərinin birbaşa görüşü də gündəmə gəlsin. Beynəlxalq hüquqa zidd olub olmaması görüşün nəticələri ortaya çıxdıqda müzakirə predmeti ola bilər. Belə görüşlər barışa və atəşkəsə xidmət etdiyi üçün əhəmiyyətlidir. Ələlxüsus Prezident Trampın bu kimi məsələlərdə vasitəçilik qabiliyyəti yüksəkdir. Belə görüşlərin Ukrayna xalqında narahatlıq yaradacağını düşünmürəm. Hökumətin atacağı addımlar görüşün nəticələri ortaya çıxdıqdan sonra müəyyən edilə və konkretləşə bilər. Əgər görüşdə qəbul edilmiş qərarlar Ukrayna dövlətinin maraqlarına zidd olarsa, burada yalnız ABŞ və Rusiyanın maraqları ön plana çıxarsa bu zaman məsələ müzakirə oluna bilər. Ukraynanın taleyinin gizli həll olunması fikrini qəbul etmək yanlışdır. Bir görüşlə dövlətin taleyi həll olunmur. Ələlxüsus da ki, bu görüşün nəticəsi hələ ortada yoxdur. Olmayan bir məsələ ətrafında qərarlar qəbul edib rəylər formalaşdırmaq doğru olmaz. Hər halda bu görüş müəyyən razılığın əldə olunmasına, atəşkəsə yaxınlaşmağa vəsilə ola bilər ki, artıq bundan sonra Ukrayna və Rusiya liderləri özləri də görüşüb danışa bilərlər. İlkin mərhələ üçün bu görüş önəmlidir".

 

Fatimə Heydərova