Pezeşkiana xəbərdarlıq edilib-ŞƏRH

Tarix: 17:36 11.08.2025
SEPAHA bağlı Tasnim agentliyində Pezeşkianı tənqid edən məqalə yerləşdirilib və ona xəbərdarlıq edilib. Məqalədə Pezeşkian neytral və "zəif" çıxışlarına görə tənqid olunub.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a bildirib ki, İranda uzun müddətdən bəri davam edən islahatçı və mühafizəkar mübarizə var:
"Xüsusilə də mühafizəkar qanad xarici siyasətdə daha sərt mövqelər nümayiş etdirilməsini istəyir və məhz həmin siyasət də İranı beynəlxalq izolyasiyaya gətirib çıxaran bir siyasətdir. Məhz həmin siyasət son bir neçə ildə Yaxın və Orta Şərqdən İranın tamamən sıxışdırılması və onun dəstəklədiyi qüvvələrin devrilməsi yaxud ciddi şəkildə zəiflədilməsi ilə yadda qalıb. Nəhayət, bu siyasət İranı 12 günlük İsraillə savaşa sürüklədi və nəticələri də məlumdur. İran bu savaşda çox ciddi zərbələr aldı və onun qüvvə potensialına ciddi zərər vuruldu. Pezeşkian hakimiyyətə gələrkən o tamamilə fərqli şüarlarla çıxış edirdi. Bu şüarların əsas istiqamətlərindən biri qonşularla normal münasibətlərin qurulması anlayışı idi. Məhz bu anlayış İranın mühafizəkar kəsimi tərəfindən qəbul olundu. Xüsusilə də son dövrlər Pezeşkianın Azərbaycan və Güney Qazqazla bağlı verdiyi bəyanatlar, o cümlədən, 8 avqustda ABŞ-də əldə olunmuş razılaşmalara onun verdiyi qiymət İranın qeyd etdiyimiz kimi mühafizəkar kəsimində etirazlarla qarşılanır və bu səbəbdən də onu tənqid etməyə çalışırlar".
Politoloq həmçinin əlavə edib ki, Pezeşkianın mövqeyi İran üçün rasional mövqedir:
"Məhz bu mövqe dini lider Xamaneyin və onun ətrafının mövqeyi ilə ciddi şəkildə ziddiyyət təşkil etdiyindən ona qarşı hücumlar artıb. Mümkün qədər bu hücumları artırmaqla əvvəlki prezidentlərdə də olduğu kimi onu da sıxışdırıb, istədikləri qəlpə salmağa çalışacaqlar. Amma bu heç də asan olmayacaq. Çünki Pezeşkian faktiki olaraq keçən il keçirilmiş seçkilərdə olduqca parlaq qələbə qazandı və ona İran əhalisinin əhəmiyyətli hissəsi səs verdi. Xüsusilə İranda yaşayan azərbaycanlılar və türklərlə yanaşı digər qeyri-fars millətlər, etnik azlıqlar da Pezeşkiana səs verib, ümidlərini ona bağladılar. Pezeşkian da məhz onların mövqeyini ifadə edir və İranı vəziyyətdən çıxarmaq üçün həm qonşuları ilə həm də dünya ilə dialoqun vacibliyini qeyd edir. Bu baxımdan, bundan sonraki dönəmdə də məhz islahatçı, mühafizəkar adlandırılan qanadlar arasında mübarizə gərgin keçəcək. O cümlədən Pezeşkian özü də islahatçı qanadın lideri kimi bu hücumlara məruz qalacaq. Amma düşünürəm ki, islahatçıların bu mərhələdə mövqelərini gücləndirmək və cəmiyyətə qəbul etdirmək üçün kifayət qədər imkanları var".
Fatimə Heydərova