Tramp-Putin görüşü-ABŞ hava məkanını bağlayır

Bölmə: Siyasət › ,
Tarix: 17:15 12.08.2025

ABŞ avqustun 15-də Donald Tramp və Vladimir Putin arasında planlaşdırılan görüş günü Alyaskanın Ankoric şəhəri üzərində hava məkanını bağlayacaq.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin Alyaska üzərində hava məkanını bağlaması, ev sahibi kimi Vaşinqtonun görüşə ciddi yanaşdığını, hər hansı gözlənilməz hadisələrə qarşı tam nəzarət təmin etməyə hazır olduğunu göstərir:



"Alyaska coğrafi olaraq həm ABŞ, həm də Rusiya üçün strateji əhəmiyyətə malikdir. Bu görüşün Ukrayna münaqişəsinin həlli prosesinə real təsir göstərə biləcəyinə gəlincə, hesab edirəm vəziyyət çox mürəkkəbdir. Tramp və Putin arasında birbaşa dialoq, münaqişənin diplomatik yolla həllinə yeni ümidlər gətirə bilər, çünki iki liderin də bir-birini dinləməsi və qarşılıqlı anlaşmaya çalışması, digər vasitəçilərə nisbətən daha səmərəli ola bilər. Lakin, münaqişənin dərinliyini, müttəfiq ölkələrin, xüsusilə də Ukraynanın rolunu və beynəlxalq güc balanslarını nəzərə alanda, belə görüşün tam və davamlı həll təmin etməsi zəmanətli deyil. Görüşün nəticələri böyük dərəcədə həmin tərəflərin iradəsinə və xarici təsirlərə bağlı olacaq. Zelenskinin bu görüşdə iştirak etməməsi isə müzakirələrin yekun nəticələrinə ciddi təsir edə bilər. Onun iştirakı olmadan Ukraynanın mövqeyinin tam şəkildə ifadə olunmaması, danışıqların legitimliyini və balansını zəiflədə bilər. Bu, xüsusilə münaqişənin əsas tərəfi kimi Ukraynanın razılaşdırılmayan qərarlara qarşı çıxmasına səbəb ola bilər və beləliklə, danışıqların nəticələrinin praktik tətbiqində problemlər yarana bilər.  Zelenskinin görüşdə olmaması dialoqun yalnız iki güc mərkəzinin arasında keçən danışıqlara çevrilmə riskini artırır. Amma tərəflər razılaşarsa Kiyevə qarşı təzyiqlər ola bilər. Amma bu da prosesi mürakkəbləşdirə bilər".


Fatimə Heydərova