Vaşinqton səfəri Azərbaycana qarşı qarayaxma kampaniyalarını tam iflas edib

Bölmə: Siyasət › ,
Tarix: 18:00 12.08.2025

 

Prezident İlham Əliyevin ABŞ-yə səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, eyni zamanda, regional geosiyasi arxitekturanın yenidən formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.Vaşinqton görüşləri göstərib ki, ABŞ-də artıq Azərbaycansız regional enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya inteqrasiyası və sabitlik mövzularını həll edə bilməyəcəyini anlayır. Bu, tərəfdaşlıq modelini bərabərhüquqlu əməkdaşlıq səviyyəsinə gətirir.


Bu məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki,Güney Qafqaz eyni zamanda Türküstanın qapısıdır:


"Azərbaycan–ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub. Güney Qafqaz ümumiyyətlə dünyanın strateji baxımdan ən əhəmiyyətli bölgələrindən biridir. Xüsusilə də Amerikanın bu coğrafiyaya xüsusi maraq göstərməsi təsadüfi deyil. Çünki Güney Qafqaz eyni zamanda Türküstanın qapısıdır. Bu gün burada mövqelərini gücləndirən ABŞ sabah Türküstan coğrafiyasına daha uğurla daxil ola bilər.Bu baxımdan bölgə son dərəcə strateji əhəmiyyət daşıyır və burada Azərbaycanın rolu xüsusi qeyd olunmalıdır. Əsas kommunikasiya xətləri məhz Azərbaycan üzərindən keçir. Bölgənin titul xalqı da Azərbaycan xalqıdır. Deməli, geosiyasi baxımdan bölgəyə nəzarət etmək və burada möhkəmlənmək üçün ilk növbədə Azərbaycanla əməkdaşlıq vacibdir.


Hazırda Rusiyanın və İranın müxtəlif problemlər içində olduğu bir zamanda ABŞ-nin bölgəyə belə geniş miqyaslı daxil olması strateji baxımdan uğurlu addımdır. Bu, təkcə Azərbaycan üçün deyil, həm də Gürcüstan və Ermənistan üçün təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Burada qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət gedir.Vaşinqton görüşündə strateji tərəfdaşlıq əlaqələrinin yaradılması istiqamətində mühüm qərarlar qəbul olunub. Xüsusilə, Strateji Tərəfdaşlıq Partiyasının hazırlanması üçün xüsusi bir işçi qrupunun yaradılması elan edilib. ABŞ kimi dünyanın aparıcı gücü ilə strateji tərəfdaş olmaq Azərbaycanın iqtisadi, siyasi, geosiyasi və təhlükəsizlik maraqlarına tam cavab verir. Bu əməkdaşlıq formatı bölgədəki təhdidlərin qarşısının alınmasına xidmət edir və digər dövlətlərə qarşı yönəlmir.


Nəticə etibarilə, bu səfər və imzalanan sənədlər Azərbaycanın gələcəyi, inkişafı və təhlükəsizliyi baxımından olduqca mühüm əhəmiyyət daşıyır".


Xədicə Məhərrəmli