Müqavimət və travmadan sonra şəxsiyyətin formalaşması

Bölmə: Sosial › ,
Tarix: 10:50 13.08.2025

 


Travma insanın psixoloji sabitliyini ciddi şəkildə poza bilər, lakin bəzi insanlar bu çətinliklərdən daha güclü çıxaraq şəxsiyyətində pozitiv dəyişikliklər yaşaya bilir.


Mövzu ilə bağlı psixoloq Aygün Kərimova "İnformator.az"a açıqlamasında bildirib ki, depressiya insanı içindən dağıdır, inkişaf isə insanı yenidən yaratmağa, möhkəmləndirməyə çalışır:


"Travma dedikdə, itki, xəyanət, uşaqlıq travmaları və ya bir anda dəyişən reallıqlar nəzərdə tutulur. Belə vaxtlarda insan özünü daha çox zəif, köməksiz və ümidsiz hiss edir və bu, normaldır. Yəni, normal olsa da, bu son deyil. Rezilyans yıxıldıqdan sonra yenidən qalxmaq və davam etmək gücüdür. Güclü görünmək deyil, daha çox hiss etdiklərini qəbul edərək sağalmaqdır. Onsuzda sağalmaq üçün insan ilk olaraq o hadisəni qəbul etməlidir. İnkişaf etmək üçün əvvəlcə özünə qulaq asmalısan yəni,nələri hiss etdin, o duyğuları bastırmadan ifadə etmək lazımdır. Sonra dəstək almaq, yaxınlardan, psixoloqdan, yəni sənə yaxşı təsir edən insanlarla vaxt keçirmək lazımdır. Bundan sonra həyatına nəsə yeni şeylər qatmaq lazımdır. Məsələn, nəyə dəyər verirsən, nəyə inanırsan, vaxtını necə keçirmək istəyirsən. Özünə qayğı göstərmək vacibdir. Burada yuxunun düzgün olması, qidalanma, idman və s. əsas rol oynayır. Daha sonra isə özün üçün, kiçik olsa belə, addımlar atmaqdır. Ən əsası isə unutmaq olmaz ki, travma insanı zəif etmir. Ondan keçərək ayaqda qalmaq əsil gücdür. Yəni o travmanı qəbul edib, duyğuları dilə gətirmək və kiçik də olsa addımlar atmaq, əsl güc budur. Sosial dəstəyin travmadan sonra rolu böyükdür. Travmadan sonra insan artıq özünü tək hiss edir. Elə bil, heç kim onu eşitmir, tək qalır, səsi çıxmır. Həmin anda insan sadəcə kimdənsə eşitmək istəyir ki, mən buradayam, sənə kömək edə bilərəm. Bu, dərmandan daha çox təsir edir kimsə yanında olduqda, dəstək verdikdə, bu insana tək olmadığını xatırladır.

Sonra bu, insana öz duyğularını bölüşmək üçün icazə verir, daha çox duyğularını açmaq üçün zəmin yaradır. Orada daha çox qəbul, sevgi və hiss formalaşır. Yəni, "nə olursa olsun, mən yanındayam" mesajı ötürülür. Bu daha çox təsir edir və güclü psixoloji zəmin yaradır. Artıq biri dəstək göstərirsə, səni dinləyirsə, sənə dəyər verirsə bu travma səni sındırmır. Əksinə, səni dəyişdirə və gücləndirə bilər. Travma sonrası inkişaf və depressiya arasındakı fərqlər danışdıqda isə depressiya daha çox travmadan sonra yaranır. İnsan üçün həyat mənasız görünməyə başlayır, daxilində boşluqlar yaranır, gələcəyə baxmaq istəmir və hər şey niyə mən? sualına çevrilir. Amma travma sonrası inkişaf insana nəyisə öyrətməyə yönəlir. Bu zaman insan deməyə başlayır ki, mən artıq əvvəlki kimi deyiləm. İçimdə bir güc var və onu tanımağa başlayıram. Əsas fərq ondadır ki, depressiya insanı içindən dağıdır, inkişaf isə insanı yenidən yaratmağa, möhkəmləndirməyə çalışır".

Səmayə Səftərova