Öz xalqının maraqlarına fransız olan Makron
Bölmə: Araşdırma › ,Tarix: 22:41 03.07.2023
Fransa hakimiyyəti tarixinin ən utancverici dövrünü yaşayır. İş o yerə çatıb ki, ölkədə xaos, hərc-mərclik, itaətsizlik pik həddədir. İnformator.az son altı gündə Fransada baş verən hadisələrin özətini bir yazıda təqdim edir...
Hər ötən gün bu vəziyyət daha da dərinləşir. Aksiyalarda iştirak edən Fransa vətəndaşlarının günü-gündən sayının artması onu deməyə əsas verir ki, Makron rejiminə itaətsizlik kütləvi hal alıb. Bu vəziyyət Marsel şəhərində pik həddə çatıb. Hüquq-mühafizə orqanları şəhərin mərkəzinə zirehli texnikalar yerləşdirib. Lion şəhərində isə bir qrup ifrat sağçı bələdiyyə binasının qarşısında toplaşıb.
Fasiləsiz şəkildə davam edən nümayişlərdə 10-a yaxın ticarət mərkəzi, 200-dən çox supermarket, 250 bank filialı hücuma məruz qalıb və ya talan edilib. Qrenobl məhkəməsi isə iğtişaşlar zamanı quldurluğa cəhd etdiklərinə görə üç etirazçıya 3 aydan 4 aya qədər həbs cəzası verib. Lakin bu qərar fransız ictimaiyyətində birmənalı qarşılanmayıb. Məhkumlara başqa məqsədlərlə hökm oxunduğunu iddia edən etirazçılar dövlət binalarını yandırmağa başlayıblar. Bundan əlavə, iğtişaşlar nəticəsində bir çox təhsil müəssisəsinin binaları zədələndiyi üçün dərslər təxirə salınıb. Hökumət isə qabaqlayıcı tədbirlər görməyə başlayıb. Artıq ölkənin şimalındakı 10 kommunada komendant saatı tətbiq edilib.
Artan xaosun fonunda isə Fransada iyunun 27-də polis tərəfindən öldürülən 17 yaşlı yeniyetmənin nənəsi xalqı iğtişaşlara son qoymağa çağırıb. O, nəvəsinin ölümündə polisin məsuliyyət daşıdığını, lakin heç kimə nifrət etmədiyini bildirib. Yerli telekanallardan birinə müsahibə verən qadın ölkəni məhv etməyin heç kimə fayda verməyəcəyini deyib.
Bundan sonra Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında toplantı keçirib. Hər dəqiqə miqyası genişlənən etiraz dalğasının səbəbini sosial şəbəkələrdə görən Makron hökumət üzvlərinə ölkədə asayişin bərpası üçün tədbirlərin görülməsi ilə bağlı göstəriş verib. Amma görünən odur ki, Makron bu niyyətinə tezliklə çatmayacaq. Çünki Makronun hakimiyyətə gəlişindən sonra, birbaşa onun təşəbbüsü ilə qəbul olunan “Terrorizmlə mübarizə” və “Qlobal təhlükəsizlik və informasiya hüququnun müdafiəsi” ilə bağlı qanunlar ölkədə sözün əsl mənasında polis diktaturasının təşəkkül tapmasına zəmin yaradıb, irqçilik, ksenofobiya və islamafobiya zəminində polis, jandarm və penitensiar xidmət əməkdaşlarının iştirakı ilə baş verən cinayətlərin sayını son 10 ilin ən yüksək həddinə çatdırıb.
Bu vəziyyət isə ölkədəki xaos və hərc-mərcliyi dərinləşdirib. Fransada baş verənlər artıq dövlət böhranı səviyyəsinə çatıb. Təkcə son 2 gün ərzində yandırılan nəqliyyat vasitələrinin sayı 3500-dən çoxdur. 300-dən supermarket dağıdılıb, yüzlərlə mağaza, bank qarət olunub, vətəndaşların şəxsi mülkiyyətinə külli misdarda ziyan dəyib. Sahibkarlar öz mülkiyyətlərini qorumaq məcburiyyətində qalıblar. Çünki Makronun öz hakimiyyətini qorumaq üçün sonsuz səlahiyyətlər verdiyi Fransa polisi yalnız irqi və dini zəmində zorakılığı, günahsız insanları qətlə yetirməyi bacarır. Azərbaycan ərazilərində yaşayan ermənilərə heç bir əsas olmadan, şəxsi qəzəbi səbəbindən qahmar çıxmaq üçün sivil dünya tarixində rast gəlinməyən hoqqalardan çıxan Makron isə fransızların hüquqlarının təmin edilməsi barədə düşünmək istəmir.
Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Fransa Makronun yarıtmaz siyasəti nəticəsində Avropada demokratiyanı "dəfn" etməklə məşğuldur. Qərb, xüsusilə də Avropa İttifaqı bu məsələdə çevik tərpənməsə qoca qitə diktatura və xaos mərhələsinə qədəm qoyacaq. Bu isə təkcə Fransa üçün yox, ümumilikdə dünya üçün ciddi təhlükəyə çevriləcək. Odur ki, qərb də onun imicinə böyük zərbə vuran Makron hökumətindən qurtulmaqda maraqlı olmalıdır. Avropa ittifaqı da dərk etməlidir ki, bacısı Ermənistan kimi uzun illər özünü dünyaya Avropanın mədəniyyət beşiyi, demokratiya carçısı kimi sırıyan Fransa bütün bu statuslarından imtina edib, etnik təmizləmə siyasətinə başlayıb.