Rusiyada PUA hücumları səbəbindən 287 reys ləğv edilib

Tarix: 11:12 07.07.2025
Ukrayna ordusunun son 24 saat ərzində paytaxt Moskva da daxil olmaqla Rusiyanın müxtəlif şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə təşkil etdiyi hücumlar nəticəsində 287 aviareysin ləğv edildiyi bildirilib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) tərəfindən yayımlanan yazılı açıqlamada, ölkədə dünəndən bəri davam edən intensiv PUA hücumları ilə bağlı məlumat verilib.
Açıqlamada hücumlar səbəbindən bir çox hava limanında reyslərin ləğv edildiyi və ya təxirə salındığı qeyd olunub.
Məlumata görə, paytaxt Moskva, Sankt-Peterburq və Nijniy Novqorod şəhərlərindəki hava limanlarında ümumilikdə 287 uçuş ləğv edilib. Açıqlamada həmçinin deyilir: “Ölkənin müxtəlif bölgələrində hava məkanının istifadəsinə müvəqqəti olaraq qoyulan məhdudiyyətlər fonunda daxili hava nəqliyyatına dair vəziyyət izlənilir. Hazırda vəziyyət idarəolunandır”.
Qeyd edək ki, Rusiyada dünəndən bəri, xüsusilə paytaxt Moskva olmaqla, bir sıra şəhərlərə Ukrayna ordusu tərəfindən PUA-larla hücumlar təşkil olunub, Rusiya ordusunun müdafiə sistemləri bir çox Ukrayna PUA-sını məhv edib.
TRT HABER
Solmaz Muradova