"Sadə hüquq" səhifəsinin məqsədi - Hüquqşünas İnarə Camal açıqladı

Bölmə: Sosial › ,
Tarix: 20:55 20.07.2023

2017-ci ildə Azərbaycanda Nümayəndəlik İnstitutu ləğv edildi. Bu o deməkdir ki, məhkəmələrdə nümayəndələr şəxsləri müdafiə edə bilməyəcəklər.

 

Hüquqşünas İnarə Camal İnformator.az-a bildirib ki, artıq şəxs özü məhkəməyə çıxıb öz hüquqlarının müdafiə etməli və ya özünə vəkil tutmalı idi: "Azərbaycanda isə vəkil xərcləri çox bahadır. Bu səbəblə xüsusi birsəhifə açmaq qərarına gəldik. Bu səhifəni açmağımızın əsas məqsədlərindən biri də budur. İkinci məsələ də budur ki, pandemiya dövründə 190 manat həcmində işsiz insanlara yardım verilməyə başlandı. Bunun müraciət qaydası da elektron formada həyata keçirildiyi üçün bir çox insanlar bunu bacara bilmirdilər. Mən və mənim digər hüquqşünas əməkdaşım Facebook səhifələrimizdə belə bir elan verdik ki, kim 190 manat yardım almaq istəyirsə və bunun qaydasını bilmirsə bizə müraciət edə bilərlər. Təqribən 500-600 nəfərin müraciətini sistemə daxil etdik. O insanlar bizi tanıdıqdan sonra başqa hüquqi problemləri ilə bizə müraciət etdilər. Bundan sonra biz düşündük ki, hüquqi maarifləndirmə ilə bağlı səhifə bir açaq. "Sadə hüquq" adlı bir səhifə açdıq. Niyə məhz adını "Sadə hüquq" səhifəsi qoyduq? Çünki biz hüquqları insanlara sadə dillə izah etməyi qarşımıza məqsəd qoymuşuq. Biz qanunlara nəzər yetirəndə görürük ki, onların dili çətindir. Məsələn, əmək pensiyaları haqqında qanunun dili çox çətindir. Halbuki bunun dili sadə olmalı idi. Bundan sonra insanlar tərəfindən bizlərə müsbət rəylər gəlməyə başladı. Nəticədə, biz bundan motivasiya almağa başladıq. Ətrafımıza daha çox hüquqşünasları toplamaq üçün elanlar verməyə başladıq".

 

Hüquqşünas bildirir ki, artıq komandada 10 nəfərə yaxın hüquqşünas fəaliyyət göstərir: "Biz intensiv şəkildə instaqramdan, facebookdan, tiktokdan gələn sualları cavablandırmağa çalışırıq. Müraciətlərə əsasən, deyə bilərik ki, insanların hüquqi savadlılıq dərəcəsi o qədər də yüksək deyil. Ən sadə məsələlər, təməl hüquqları ilə bağlı bilgiləri yoxdur. Məsələn, boşanmaq istədiklərini və bunun üçün hara müraciət etməli olduqlarını, ərizəni necə yazmalıyıq kimi müraciətlərin hər birini sadə dillə insanlara izah etməyə çalışırıq. Həmçinin, belə suallara uyğun postlar da hazırlayırıq. Vətəndaşların müraciətləri ilə bağlı belə bir qanun var ki, vətəndaşların dövlət orqanlarına sorğu göndərmək hüququ var. Azərbaycanda insanların çoxu dövlət orqanlarına sorğu göndərmək hüququndan xəbərsizdir. Əgər sizin sorğunuza cavab gəlmirsə, əks təqdirdə bununla bağlı Ombudsmana şikayət edə bilərsiniz. Biz "Sadə hüquq" komandası olaraq, bu sorğuları göndəririk və sorğularımızın nəticələrini sosial şəbəkələrdə insanlar ilə paylaşırıq".

 

O hesab edir ki, ümumiyyətlə, Azərbaycanda yaşayan hər bir vətəndaşın bilməli olduğu birinci qanun konstitusiyadır: "Çünki konstitusiyada təməl hüquqlarımız öz əksini tapıb. Bütün hüquqlar da məhz konstitusiyaya görə uyğunlaşmalıdır. Biz "Sadə hüquq" komandası olaraq istəyirik ki, hüquqi maarifləndirmə ilə insanların hüquq bilgilərini bildiklərindən yüksək səviyyəyə qaldıraq".

 

Fatimə Mustafayeva