Elektrikli avtomobil yolları yaradılır

Bölmə: Dünya › ,
Tarix: 16:53 25.07.2023

Hazırda dünya ölkələrinin diqqət mərkəzində ekologiyanın qorunması və təbii ehtiyatların səmərəli şəkildə istifadəsi dayanır. Bu sahədə ən böyük addımlar isə son dövlər avtomobil sənayesində atılır.

 

İnformator.az xəbər verir ki, böyüyündən kiçiyinə bir çox firma artıq öz avtomobillərinin elektrikli versiyasını istehsal edir. Amma təbii ki, bu texnologiyanın da çıxan digər yeniliklər kimi bir çox problemi var. Buna baxmayaraq, hazırda Fransa bu kimi problemləri aradan qaldırmaq üçün yeni elektrikli avtomobil yolları üzərində işləyir. Bəs bu yeni yolların yaradılması bərabərində hansı müsbət və ya mənfi xüsusiyyətləri gətirəcək?


Elektrikli avtomobil sənayesi hər keçən gün bir qədər də inkişaf etsə belə, sözügedən texnikaların enerji doldurma müddətinin uzunluğu, eləcə də uzaq məsafəli yollarda elektrik doldurma məntəqələrinin azlığı insanların bu texnologiyadan uzaq durmasına səbəb olur. Amma Fransanın hazırda üzərində işlədiyi elektrikli avtomobil yolları, eynilə mobil telefonlarda olduğu kimi avtomobillərin naqilsiz formada enerji yüklənməsini təmin edəcək. Nəticədə insanlar artıq elektrikli avtomobillərlə uzaq məsafələrə səyahət edə biləcək. Üstəlik, bu texnologiya sayəsində avtomobillər batereyası bitsə belə işləməyə davam edəcək. Digər tərəfdən yeni avtomobil yolları yüksək batereya tutumlarının azalmasına, həmçinin elektrikli avtomobillərin qiymətlərinin ucuzlaşmasına şərait yaradacaq.


Yeni elektrikli avtomobil yollarının müsbət cəhətləri olduğu kimi mənfi tərəfləri də var. Bunlardan ən mühümü yeni texnologiyanın bərabərində gətirdiyi enerji sərfiyatıdır. Belə ki, çox sayda avtomobilin eyni anda naqilsiz şarj edilməsi, eləcə də bu prosesin fasiləsiz olaraq baş tutması böyük enerji sərfiyyatına səbəb ola bilər. Üstəlik naqilsiz şarj edilmə prosesinin özü belə böyük həcmli enerjinin xərclənməsinə gətirib çıxarır. Digər tərəfdən ortaya atılan bir neçə iddiaya görə, avtomobillərə yollarda fasiləsiz şəkildə enerji doldurulması motor sisteminin və bateriyaların qızmasına, eləcə də sıradan çıxmasına gətirib çıxara bilər. Bütün bu iddialar və mənfi xüsusiyyətlərə baxmayaraq, bu texnologiya hələ test mərhələsindədir. Sözügedən problemlərin əksəriyyəti irəlidə aradan qaldırıla bilər.

 

Qeyd edək ki, elektrikli avtomobillərin hərəkət halında şarj edilməsi ilə bağlı yeganə texnologiya bununla kifayətlənmir. Bir müddət əvvəl Fransa relsli avtomobil yolları texnologiyası üzərində işləməyə başlayıb. Bu texnologiyanın yaradılması, eləcə də istifadəyə verilməsi, elektrikli avtomobil yollarına nisbətən asan görünsə də, relsli yolların çəkilməsi bir çox mühim dəyişiklərin yaranmasına gətirib çıxarır. Onlardan başlıcası avtomobillərin konstruksiyasının köklü formada dəyişdirilməsi və sürücülər üçün uzun müddətdir istifadədə olan qaydaların yenidən tərtib olunmasıdır. Bütün bu mənfi xüsusiyyətlərə baxmayaraq, hər iki tip yolun hazırlanması ekologiyanın qorunmasına köməklik edəcək.

Cavid