Əbülfəz Elçibəyin anım günüdür

Bölmə: Siyasət › ,
Tarix: 22:39 22.08.2023

21 avqust - bu gün vətəninə, xalqına sevgiylə bağlı olmuş, Azərnaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin xatirə günüdür.

 

Əbülfəz Qədirqulu oğlu Əliyev 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin ərəb filiologiyası şöbəsini, 1968-ci ildə idə ADU-nun aspiranturasını bitirib. 1969-cu ildə tarix elmləri namizədi, alimlik dərəcəsini alıb.
ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim işləyib. İşlədiyi müddətdə baş müəllim vəzifəsində də olub.


Elçibəy tələbəlik illərində Sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, azadlıq ideyalarını yayıb. 1975-ci ildə buna görə həbs edilib.


1988-ci ildə başlayan Azərbaycan Xalq Hərəkatının rəhbərlərindən biri də məhz Əbülfəz Elçibəy olub. Yaradıcılarından biri olduğu Azərbaycan Xalq Cəbhəsinə sədrlik edib.


7 iyun 1992-ci ildə Azərbaycan Respublikasında demokratik yolla seçilən ilk prezident olub. Prezidentlik vəzifəsində 1 il müddətində qalıb.


Əbülfəz Elçibəy xalqının rifahı və dövlətin suverenliyi üçün çalışıb. O, prezident olduğu ilk illərdə Azərbaycanın Milli Ordusunu yaratmaq üçün ölkənin bütün imkanlarını səfərbər edib və onun dövründə könüllü batalyonlardan sonra nizami orduya ilk addımlar atılıb. Ağdərə, Goranboy rayonları erməni işğalçılarından təmizlənib, işğal altında olan Laçının əksər kəndləri azad edilib. Bir ildə dövlət ləl-cəvahirat fonduna 1,5 ton qızıl və qiymətli metallar toplanıb. Milli Bankda valyuta ehtiyatı 100 dəfədən çox artaraq 156 milyona çatdı. Və milli valyutamız manat buraxılıb.

 

Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə gedib və 4 il 4 ay burada siyasi mübarizəsini davam etdirib. 1997-ci ildə isə yenidən Bakıya dönüb və Azərbaycan müxalifətinə rəhbərlik edib.


Əbülfəz Elçibəy Məmməd Əmin Rəsulzadənin ideoloji davamçısı olub, o "Tolunoğulları Devleti", "Bütöv Azərbaycan yolunda"," Müstəqillik: ikinci cəhd", "Siz xalqın sevgisilə haqqa çatacaqsınız" kitablarının müəllifi olub.


Vətənini, xalqını ürəkdən sevən Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə Türkiyənin Ankara şəhərində vəfat edib. Bakıda dəfnində yüz minlərlə insan iştirak edib.

 

Siyasi elmlər doktoru Sabir Məmmədli Əbülfəz Elçibəy haqqında fikirlərini saytımızla bölüşüb:


"Əbülfəz Elçibəy böyük idealist demokrat idi. O, birləşdirici insan idi. Müxtəlif düşüncəli, problemlərə müxtəlif yöndən yanaşan insanları birləşdirirdi. Bu da onun demokratik xüsusiyyəti idi. O, ətrafında Azərbaycana sadiq olan böyük komanda yaradıb və bu komandanın üzvləri bu gün də səhnədədir. Bununla da Əbülfəz Elçibəy Azərbaycanın gələcəyində strateji-ictimai düşüncəsini formalaşdırmış oldu. Elçibəy təmizürəkli, gözütox insan idi. Qərb ölkələrinin neft şirkətləri Azərbaycanla neft müqaviləsi bağlamaq üçün müzakirələr edən zaman onlar çox həyəcanla qeyd edirlər ki, Elçibəy hər incəliyə, müqavilənin şərtinə həssaslıqla yanaşıb. Qeyd edib ki, bu, Azərbaycan xalqının mülkiyyətidir və bu mülkiyyətdən gələcək nəsillər də faydalanmalıdır".


Sabir Məmədli keçmiş prezident Əbülfəz Elçibəyin həm öz davranışı, həm də dövlətçilik münasibəti ilə Azərbaycan tarixində nümunə olduğunu vurğulayıb: "O, türkçülük istiqamətində böyük ideoloq idi. Gələcək nəsillər də onun Türk dünyasına bağlılığını vurğulayacaqlar. Komanda üzvlərinin fikirlərinə hörmətlə, tolerantlıqla yanaşıb. Elçibəy səmimi, müzakirələrə açıq insan idi".


Sabir Məmmədli onu da qeyd edir ki, bir çox müxtəlif siyasi partiyalar, siyasi cərəyanlar Əbülfəz Elçibəyə, onun şəxsiyyətinə hər zaman hörmət ediblər.

 

Nəzrin Mirzəyeva