Uşaqlarda susqunluq-Mutizm nədir?

Bölmə: Sosial › ,
Tarix: 21:36 25.10.2023

"Burada məsələ psixoloji pozuntudan qaynaqlanmır. Əsasən, bu problem şəxsin özünün öz danışığını idarə etməsindən qaynaqlanır və hər-hansı bir genetik xəstəlik faktoru daşımır. Çox nadir rast gəlinən haldır."

 

Bu sözləri informator.az-a açıqlamasında psixoloq Əfsanə Rüstəmova söyləyib. Psixoloq deyir ki, bu çox nadir rast gəlinən bir diaqnozdur.

 

“Buna mutizmlə yanaşı seçicilik və ya danışmağı limitləmə də deyə bilərik. Mutizmin səbəbi tam bəlli deyil, amma bu halı tibb nümayəndələri, ümumən, kompleksler bölümündə dəyərləndirə bilirlər. Belə ki, bu hal 0-3 yaşdan sonra, uşaqların məktəbə başladığı dönəmdə üzə çıxa bilər”.

 

Psixoloq əlavə edir ki, uşaqlara bu diaqnozu qoymaq üçün ən az 1 aydan artıq müddətdə bu prosesin olması lazımdır.

 

“Burada mütləq baxılmalıdır ki, artikulyasiya aparatında heç bir problem yoxdur. Amma özü bilinçli şəkildə danışmaqdan imtina edirsə, yalnız bu halda bu mutizm adlanır. Yəni, müəyyən yerlərdə o danışmağı seçir, danışır və özünü ifadə edir. Amma danışmağı mütləq olan sosial yerlərdə məktəb və ya başqa kütləvi yerlərdə danışmağı limitləyir”.

 

Əfsanə Rüstəmova düşünür ki, adaptasiya müddətində də uşağın danışmasında azalmalar müşahidə olunur.

 

“Amma bununla mutizmi qarışdırmaq olmaz. Əsas diqqət etməmiz lazım olan məsələlərdən biri də bu insanlarda yüksək həddə kontrol duyğusu var, inadkar şəxsiyyətə sahibdirlər. Onlar yaxşı görünməməkdənsə, heç görünməməyi seçirlər. Danışıb, danışığında yanlış edib cəmiyyət tərəfindən gülünc vəziyyətə düşməsindənsə, bu tip uşaqlar heç danışmamağı üstün tutur”.

 

Psixoloq öz təcrübəsinə əsaslanaraq qeyd edir ki, onun öz müşahidə əsnasında da 5 il bu məsələdən əziyyət çəkən pasienti olub.

 

“Ən maksimal həddini yaşayırdı. Hətta o ana-ata daxil olmaqla danışmağı kəsib. Mənim işlədiyim qrupda nitq yoxdur. Amma bu o demək deyil ki, onların psixoloji problemi var. Xeyr, sadəcə onlar danışmaqdan imtina edirlər. Bu tip uşaqlarla işləmək bacarığı olan mütəxəssislər məşğul olduğu müddətdə bu problem aradan qaldırıla bilər”.

 

Aydan İsayeva