Rüşvət alan direktorları hansı cəza tədbirləri gözləyir?-Hüquqşünasdan xəbərdarlıq

Tarix: 21:45 31.10.2023
Yevlax rayonu Qaraməmmədli kənd orta məktəbinin direktoru müəllimlərə məxsus 53 min manatdan çox əməkhaqqını mənimsəyib.
İnformator.az Report-a istinadən,xəbər verir ki, 04.03.2019-cu il tarixdən 10.11.2022-ci il müddətinə qədər olan dövrdə qeyd edilən məktəbin direktoru işləyən Rəşad Əsədovun davamiyyəti olmayan işçilərə və tədris olunmadığı halda dərnək dərslərinə görə müəllimlərə əməkhaqqı ödənilməsi, evdə fərdi təhsilə cəlb edilən sağlamlıq imkanları məhdud şagirdlərə tədris olunan dərs saatlarına görə müəllimlərə hesablanan əməkhaqqının öz əməkhaqqı kartına köçürülməsi və digər yollarla ümumilikdə 53 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə, həmçinin rüşvət müqabilində məktəbdə təhsil alan şagirdin adına olan ümumi orta təhsil haqqında attestata başqa şəxsə aid məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bəs, rüşvətxor, pul mənimsəyən məktəb direktorlarını hansı cəza tədbirləri gözləyir?
İnformator.az məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrənib.
Hüquqşünas açıqlamasında qeyd edib ki, rüşvət alan şəxsin kim olmasından asılı olmayaraq, o cümlədən, məktəb direktoru belə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə rüşvət almağa görə məsuliyyət daşıyır.
"Ən sadə halda belə həmin şəxs 4 ildən 8 ilədək müddətdə azadlıqdan məhrum edilə bilər. Əgər məbləğ daha böyükdürsə, bu cəza 12 ilə qədər artırıla bilər".
Əkrəm Həsənov düşünür ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sistemli xarakter daşımır.
"Bunun özü geniş mövzudur. Mən öz praktikamda məktəb direktorunun pul mənimsəməsi halı ilə qarşılaşmasam da, hər kəs bilir ki, məktəb direktorları arasında rüşvət alan şəxslər də mövcuddur".
Nəzrin Mirzəyeva