Şagirdləri sinifdə saxlayacaq qayıb limiti-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:38 06.11.2023

Ali təhsil müəssisələrində tələbələrin semestr imtahanlarına buraxılması üçün bəlli bir qayb limiti tətbiq olunur. Semestr imtahanlarında iştirak edə bilmək üçün tələbələr dərslərdə daim iştirak etməyə çalışırlar. Bəs, orta məktəblərdə şagirdin dərsə davamiyyətlə bağlı məsuliyyət hiss etməsi üçün hansı qaydalar  tətbiq olunur. Doğrudur, orta məktəb sistemində də qaib anlayışı var. Amma bu, bir şagirdin uğur  göstəricilərinə nə dərəcədə təsir edir? Formal qayıb işarəsi onda davamiyyətə məsuliyyət yarada bilir mi? Qanunvericiliyə əsasən,  müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi  üçün fənn üzrə biliyi  qiymətləndirilməyən  buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar. Bəs aşağı siniflərdə bununla bağlı hansı intizam qaydaları tətbiq olunur?

 

Mövzu ilə bağlı İnformator.az-a danışan təhsil eksperti Elçin Əfəndi, deyir ki, ali təhsil müəssisələrində boloniya sistemi olduğu üçün ümumiyyətlə qayıb məsələsi olmamalıdır.

 

"Ancaq təssüflər olsun ki, üniversitetlərdə bu məsələ hələ də mövcuddur. Məktəblərdə də müvafiq olaraq qayıb limiti var. Əgər şagird çoxsaylı dərs buraxarsa, artıq həmin fənn üzrə ya yarımillik, ya da illik qiymətləndirilmə çıxarılmır. Belə olduğu zaman şagirdin sinifdən-sinifə keçməsi isə mümkün olmur".

 

Elçin Əfəndi təəsüflə qeyd edir ki, bəzi hallarda bu məsələyə nəyinsə qarşılığında, yaxud tanışlıq, korrupsiya yolu ilə buna göz yumulur.

 

"Düşünürəm ki, bu məsələlərdə həm ali təhsil müəssisələrində, həm də orta təhsil müəssisələrində Azərbaycan Respublikasının Qanunvericiliyin tələbləri qorunub saxlanılmır".

 

Nəzrin Mirzəyeva