Onlayn alış-veriş yerli iqtisadiyyata ziyan verirmi?-Ekspertdən açıqlama

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:24 30.11.2023

Azərbaycanda onlayn alış-veriş platformalarına milyardlarla pul xərclənir. Bəs bu, ölkənin yerli iqtisadiyyatını zəiflədirmi?

 

İnsanların onlayn platformalarla alış-veriş etməsi yerli mağazalara necə təsir edir? İnformator.az sözügedən məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənova müraciət edib. Ekspert açıqlamasında qeyd edir ki, müasir iqtisadiyyatın ortaya qoyduğu alətlər və formatlar var. Müasir cəmiyyətlər də bu formatlardan mümkün qədər səmərəli formada istifadə etməklə öz xərclərini optimallaşdırmağa çalışırlar:

 

"Azərbaycanda da onlayn ticarət platformalarından son dövrlərdə geniş istifadə olunmağa başlanıb.
Ölkəmiz digər inkişaf etmiş ölkələrlə müqayisədə aşağı göstəricili olsa da son dövrlərdə onlayn ticarətə meyillilik artıb və bu alternativ məhsullara, bazarlara çıxış imkanını yaradır və insanlara öz ailə büdcələrini səmərəli şəkildə istifadə etməsinə, alıcılıq gücünün inflyasiya təzyiqlərindən qorunmasına şərait yaradır".

 

Ekspert əlavə edir ki, bu cür hallar daxili bazarlarda qiymət artımı istiqamətində meyilləri də zəiflədir:

 

"Çünki alternativ məhsulları təklif edən yerli təchizatçılar, şirkətlər mümkün olduğu qədər çalışırlar ki, onlayn rəqibləri ilə müqayisədə bazar payını müəyyən qədər qoyurub saxlasınlar. Bu da məhsulların daha əlverişli qiymətlərlə təklif edilməsinə şərait yaradır".

 

Müsahibin sözlərinə görə, Azərbaycanda fərdi şəxslərin etdiyi idxal ümumi idxalın 10% -i təşkil edir və bu aspektdən böyük iqtisadi təhlükə yaradan hal yoxdur:

 

"Bu kimi yolların qarşısının alınması çox az sosial qrupların, məsələn, sahibkarların maraqlarına xidmət edər, bu da Azərbaycanda çox geniş kütləni əhatə etməyəcək. Bu platformaların mövcudluğuna Azərbaycan vətəndaşlarının aspektindən nəzər salınsa görünər ki ,bu, daha səmərəli, əlverişli şərait yaradır, əhalinin büdcəni daha səmərəli idarə etməsinə, alıcılıq gücünün qorunması və məhsullara, xidmətlərə çıxışın asanlaşdırılmasına səbəb olur".

 

Rəşad Həsənov sonda belə platformalara məhdudiyyətlər qoyulmasının əleyhinə olduğunu bildirir.

 

Nəzrin Mirzəyeva