Təmayül siniflər, ya repetitorlar?- Araşdırmamız var

Bölmə: Araşdırma › ,
Tarix: 21:12 05.12.2023

 

    Azərbaycanda repetitorluq fəaliyyəti ilə bağlı fikirlər ziddiyyətlidir. Xüsusilə, repetitor qiymətləri müzakirə edilir. Statistikaya görə, paytaxtla bölgələrdəki qiymətlər arasında kəskin fərq var.

    Bəzi valideynlər qiymətlərin həddən artıq yüksək olduğunu desələr də, bunu normal qarşılayanlar da az deyil. Təhsil eksperti Qoşqar Məhərrəmov da qiymətlərin uyğun olduğunu düşünür. "Ümumiyyətlə hal-hazırda repetitor qiymətlərinin ucuz olduğunu düşünürəm. Əgər qrupda 5-10 şagird varsa, deməli bundan həm müəllim, həm də şagird qane olur. Repetitor qiyməti özəl xidmət olduğu üçün qiymətinin yüksək olması normaldır".

   Ekspert bazar qiymətlərinin, həyat şəraitinin bahalaşmasının hər sahəyə olduğu kimi repetitor qiymətlərinə də təsir etdiyini deyir. "Düşünürəm ki, repetitor zərurət olmamalıdır. Bunun zərurət olmaması üçün valideyn kiçik yaşlardan uşaqların dərslərinə nəzarət etməli, müəllimlər azyaşlı şagirdlərin repetitora ehtiyacı olmadığı ilə bağlı şagirdi, valideyni qane etməlidir. Repetitor şagirdi arxayınlaşdırır, məktəbə qarşı hörmətsiz edir".

   Abituriyentləri isə nə qiymətlər qane dir, nə də belə dərs metodu. İstər təhsil ekspertləri, istər valideynlər, istərsə də abituriyentlər repetitorluğun qarşısının alınması üçün məktəblərdə təmayülləşmə aparılmağının vacib olduğuna diqqət çəkirlər. Məktəblilər seçəcəyi sahəyə uyğun olaraq təmayül sinfində təhsil almaq imkanı qazansalar, repetitorlara da ehtiyac qalmaz.

Gülgəz Qasımzadə