2024-cü ildə Azərbaycanın daxili avtomobil bazarında qiymət artımını gözləmək olar-Ekspert açıqladı
Bölmə: İqtisadiyyat › ,Tarix: 19:30 13.12.2023
"Azərbaycanın avtomobil bazarındakı vəziyyəti dünya bazarında, dünya iqtisadiyyatında mövcud olan vəziyyətlə əlaqəlidir".- Bu sözləri İnformator.az- a açıqlamasında İqtisadçı professor Elşad Məmmədov deyib. Elşad bəy bildirib ki, idxaldan asılılıq avtomobil bazarında çox yüksək səviyyədədir.
" Hesab edirəm ki, Azərbaycanın avtomobil bazarındakı vəziyyəti xeyli dərəcədə dünya bazarında, dünya iqtisadiyyatında mövcud olan vəziyyətlə əlaqəlidir. Məlumdur ki, idxaldan asılılıq avtomobil bazarında çox yüksək səviyyədədir. Eyni zamanda hökumətin rüsumlarla , vergi siyasəti ilə bağlı olan daxili avtomobil bazarında müvafiq tənzimləmə alətləri var".
Elşad Məmmədov qeyd edir ki, Azərbaycanda elektromobillərin, hibrid avtomobillərin satışının stimullaşdırılması üçün müvafiq tədbirlər görülüb.
"Nəzərə almaq lazımdır ki, Azərbaycanda elektromobillərin , hibrid avtomobillərin satışının stimullaşdırılması üçün həmin istiqamətlər üzrə müvafiq tədbirlər görülüb. Mühərrik həcminin az olduğu avtomobillərin rüsumdan azad edilməsi, onlara olan rüsumların yumşaldılması ilə bağlı müvafiq qərarlar qəbul olunub. Bu da sözsüz ki, avtomobil bazarına təsir göstərir. Ümumilikdə götürdükdə qiymətlərin dünya üzrə artımı Azərbaycana da daxili avtomobil bazarı baxımından çox güclü və xeyli dərəcədə təsir göstərir".
İqtisadçı bildirib ki, 2024-cü ildə Azərbaycanda daxili avtomobil bazarında qiymət artımını gözləmək olar.
"Bütün bunlar onu deməyə əsas verir ki ,dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik şəraitində Azərbaycanın da daxil avtomobil bazarında 2024 cü ildə qiymət artımını gözləmək olar. Hesab edirəm ki, hökumət bundan sonra da mühərrik həcminin az olduğu , hibrid və elektromobillərin satışının stimullaşdırılması ilə bağlı tədbirlər görəcək və digər avtomobillərlə müqayisədə həmin nəqliyyat vasitələrinin qiymətlərində daha sabit, daha yumşaq şərait formalaşacaq. Yüksək mühərrik həcmi olan avtomobillər isə zənnimcə onların qiymətinin bir qədər də artacağına şahid olacağıq. Bu da onların bazarda payının azalmasına səbəb olacaq".
Aydan İsayeva