Azərbaycanı dünyada tanıdan alim- Xudu Məmmədov
Bölmə: Araşdırma › ,Tarix: 22:53 14.12.2023
Bu gün Azərbaycanın ən məşhur alimlərindən olan, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü, Milli azadlıq hərəkatının banilərindən olan Xudu Məmmədovun doğum günüdür.
Xudu Məmmədov 14 dekabr 1927-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Uşaqlığında təbiət elmlərinə marağı ilə seçilən Xudu Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olub və təhsilini burada başa vurub.
1952-ci ildən AEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda Struktur-kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb.
Xudu Məmmədov təkcə Azərbaycanda yox Dünya elm cəmiyyətində tanınan bir alim idi. Onu dünyada məşhur edən elmi işi, Paterson funksiyasının araşdırılması üçün “üçlü pik” teoremini verməsi və 50-dən çox üzvi liqandlı kompleks birləşmələrin kristal quruluşunu öyrənməsi olub.
Xudu Məmmədov öz xalqına yalnızca alim kimi yox həmdə ictimai, siyasi xadim kimi xidmət edib. Məhz bu səbəbdəndir ki, Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Xudu Məmmədovu 1991-ci ildə ( ölümündən sonra) Məhəmməd Əmin Rəsulzadə mükafatına layiq görür.
Ömrünü xalqına, xalqının maariflənməsinə həsr edən Xudu Məmmədov 60 yaşında həyata gözlərini yumdu. Xudu Məmmədovun yaxın dostlarından olan Sultan Mərzili öz xatirələrində Xudu Məmmədovu belə yada salıb:
"Mən Xudu müəllimin sayəsində poeziyanı fizika, riyaziyyat kimi dəqiq bir elm sahəsi kimi dərk edib sevməyi, eyni zamanda onun gözəlliyin qanunlarına tabe olan bir sənət olduğunu öyrəndim".
Yusif Mamedov