Naxçıvanın incisi-Ordubad

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:16 03.01.2024

Tarixi ipək yolu üzərində yerləşən Ordubad Naxçıvanın incisi sayılır. Bu yer ensiz küçələri, qədimi evləri ilə diqqət çəkir.

 

Qeysəriyyə binası-"Şərq bazarı" 17-ci əsrdə şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilib. Şah Abbasın həyat yoldaşı üçün tikdirdiyi bina zaman-zaman fərqli məqsədlər üçün istifadə edilsə də indi tarix-diyarşünaslıq muzeyi olaraq fəaliyyət göstərir. 

 

Tarix-diyarşünaslıq muzeyinin bələdçisi Qasım Vəliyev bildirib ki, 1990-cı ilin may ayından bura tarix diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.

 

"Hazırda muzeyimizdə 4 minə yaxın eksponat var. Onlardan 1100-ə qədəri ekspozisiya zalında sərgilənir. Ən çox diqqət çəkən və turistlərin də marağına səbəb olan Gəmiqayaya aid bir çox əsərlər və daşlardır. O daşların üzərində hansı ki, heroqliflər petroqliflər mövcuddur".

 

Qeysəriyyə binasına çox yaxın məsafədə isə XII əsrə aid olan Şah Abbas cümə məcsidi yerləşir. Burda ən çox diqqəti çəkən məqam məhz qapının üzərində yerləşən yazıdır. Bu yazı şah Abbasın həmin dövrdə Ordubadlıların vergidən azad olunması üçün imzaladığı fərmandır.

 

Ensiz küçələr, qədimi evlər bu şəhərə xüsusi ab-hava qatır. Ordubadda qədimlik qorunaraq bərpa işləri aparmaq, daha çox turist cəlb etmək üçün işlərə başlanılıb.

 

Naxçıvan MR-in Turizm Departamentinin direktoru Əkbər Novruzov qeyd edib ki, dövlət proqramında digər maddələrdə də ümumi maddələrdə də qeyd olunub ki, müxtəlif turizm növlərinin inkişafı Ordubadda da inkişaf etdiriləcək. 

 

"Ordubadın həm tarixi mədəni turizmin inkişafı mümkündür, həm Ordubadın dağlıq və dağətəyi hissələrinin, Akademik Həsən Əliyev adına Zəngəzur milli parkının ərazisi olduğu üçün orda təbiətlə təmas tələb edən ekoturizmin növlərin də inkişafı mümkündür ki, bu istiqamətdə də artıq işlərə başlanılıb".

 

Bir sözlə, Naxçıvanın turizm inkişaf planında tarixi ipək yolu üzərində yerləşən Ordubad yerini daha da möhkəmləndirəcək.

 

Səbinə