Azad olunmuş ərazilərdə abidələrin qorunması və bərpası təmin olunur-AÇIQLAMA

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:10 10.01.2024

"Zamanın müxtəlif dövrlərini əhatə edən abidələr, qədim yaşayış məskənləri ölkəmizin tarixini, xalqımızın yaşam şəraitini, eləcə də onun dünyagörüşü haqqında dolğun məlumatları özündə əks etdirir. Tarix və mədəniyyət abidələrinin qorunması, onların tədqiqi, bərpası, təbliği və gələcək nəsillərə çatdırılması günümüzün ən aktual məsələsi kimi diqqət mərkəzindədir".- Bu sözləri informator.az-a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli söyləyib. 

 

Fariz Hüseynli bildirib ki, şübhəsiz ki, ölkəmizin ərazisində yerləşən bütün tarixi abidələr xalqımıza məxsusdur. 

 

"Vaxtı ilə mövcud olmuş Qafqaz Albaniyası dövründə inşa olunmuş memarlıq abidələrindən başlamış son dövrlərə qədər müxtəlif memarlıq üslublarını, memarlıq məktəblərini özündə əks etdirən abidələr də Azərbaycan mədəni irsinin ayrılmaz hissəsidir. Onların qorunması, bərpası və gələcək nəsillərə çatdırılması bizim üçün eyni dərəcədə əhəmiyyətə malikdir".

 

 

Mətbuat katibinin qeyd edib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti işğaldan azad olunmuş ərazilərdə aparılan monitorinqlər nəticəsində əksər abidələrin qəsdən dağıdıldığını, yandırıldığını, mənimsənildiyini və digər vandalizm aktlarına məruz qaldığını, qəbiristanlıq, məscid və türbə kimi dini və mənəvi baxımdan mühüm dəyər kəsb edən yerlərdə vandalizm aktları ilə yanaşı təhqiramiz hərəkətlərə yol verildiyini, eyni zamanda Azərbaycanın tarixini, mədəniyyətini və etnik kimliyini inkar və təhrif etmək üçün bir sıra tarix və mədəniyyət abidələrinin orijinal memarlıq xüsusiyyətlərinin qəsdən və məqsədyönlü şəkildə dəyişdirildiyini və abidələrdən hərbi məqsədlər üçün istifadə edildiyini aşkar edib.

 

"Ermənistan Respublikasının təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus sənədli abidələr, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları da talana və dağıntılara məruz qalıb. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır".

 

Fariz Hüseynli əlavə edib ki, Qaraağac qəbiristanlığında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilib.

 

"Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulduğu, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan vurulduğu müəyyən olunub".

 

Mətbuat katibi sonda qeyd edib ki, bildiyiniz kimi, azad olunmuş ərazilərdə geniş tikinti-quruculuq işləri həyata keçirilir və bu çərçivədə abidələrin də öyrənilməsi, qorunması və bərpası təmin olunur.

 

Banuçiçək Kalbalıyeva