Körpələrdə dişçıxarma dövrü: Nələrə diqqət olunmalıdır?-Pediatr açıqladı

Bölmə: Sosial › ,
Tarix: 19:07 25.01.2024

"Körpələrdə diş çıxarma müddəti valideynlər və uşaqlar üçün çətin dönəm sayılır. Çünki orqanizm 4-cü ayından buna hazırlanmağa başlayır, bununla bağlı olaraq diş diblərində ağrılar, narahatlıqlar, damağın sürtünməsi, ağlama baş verir". Bu sözləri İnformator.az-a açıqlamasında Pediatr-infeksionist Aytən Ziyadova deyib.

 

 

" Adətən bu dönəmdə gördüyümüz əlamətlər bunlardır: dişin çıxacağı bölgədə qaşınma , diş ətində şişmə, diş ətində qırmızılıq, körpənin ağız suyunda hədsiz dərəcədə artış, yanaqlarda qızarma, uşağın qulaqlarını çəkməsi, əli ilə saçını dartması , barmaq və ya yumruğunu əmməsi, bəzi dönəmlərdə yüngül hərarətin müşahidə edilməsi, iştahsızlıq, gecə yuxudan tez-tez oyanma və.s. müşahidə edilən əsas əlamətlərdir".

 

Aytən Ziyadova bildirir ki, valideynlər çox vaxt diş ağrısı ilə başqa ağrıları qarışdırırlar.

"Doğulandan sonra körpələrdə ilk aylarda köp çox müşahidə edilir bu dönəm 3-cü aya kimi davam edir və kolik olan dövrdür . 3-cü aydan sonra 4-cü aydan etibarən diş diblərinin formalaşması ilə bağlı olan ağrıları valideynlər kolik ilə səhv sala bilirlər. Bu zaman valideynlərə bildiririk ki, əgər uşaqda ağız suyunun ifrazınının artması varsa bu o deməkdir ki, diş diblərinin formalaşması baş verir".

 

 

Pediatr diş çıxarma dövründə körpələrin damağına gel vurulmasının doğru olmadığını qeyd edir.

" Ailələrə məsləhət görürük ki, diş rahatladıcı gellərdən istifadə etməsinlər. Çox vaxt valideynlər həkimlərdən rahatladıcı gel istəyirlər bunu ona görə məsləhət bilmirik ki, həmin gellərin tərkibində lidokain var ki, lidokain də udmanı pozaraq  Refluks, həmçinin daha böyük aylarda tənəffüs yolu aspirasyonuna səbəb ola bilər".

 

 

Aytən xanım uşaqlarda dişin 4-cü aydan formalaşdığını lakin bəzi uşaqlarda diş çıxarma müddətinin uzun çəkdiyini vurğulayır.

" Diş çıxarma adətən 6-9 cu aylarda, formalaşma isə 4-cü aydan baş verir. Bəzən isə fizioloji olaraq 1 yaşında diş çıxaran uşaqlar var. Buna görə bəzi valideynlər narahat olur və kalsi dərmanlarından istifadə edir bu isə yolverilməzdir çünki lazımsız kalsi dərmanları uşaqlarda ikincili olaraq böyrəklərə problem yaradıb ,böyrək çatışmazlığına kimi gətirib çıxarda bilər. Həmçinin qanda kalsi artıqlığı diurezin artması, qusma, adinamiya, hipertenziya ve.s. səbəb ola bilər".

 

Son olaraq pediatr uşaqlarda ilk diş çıxarma müddətindən dişlərin təmizlənməsinin önəmli olduğunu qeyd edir.

" Valideyinlərin unutduğu məqamlardan biri də odur ki, valideynlər diş təmizliyinə önəm vermirlər. Bu da diş çürüyü və həzm sisteminin infeksiyonu deməkdir . Diş çıxan ilk gündən barmaq fırçalarından yaxud steril bintlərdən istifadə edərək dişləri təmizləmək olar. 

Valideynlərin etdiyi bəzi davranışlar uşaqların dişlərinə zərər verə bilər.Məsələn, uzun müddət ana südü  əmməsi, gecə bəslənmə, yuxuda əmzikdən istifadə erkən diş çürüklərinə xüsusilə də ağız quruluşunun deformasiyasına səbəb ola bilər".

 

Aydan İsayeva