Tarixdə bu gün- Məhəmməd Əmin Rəsulzadənin doğum günü
Bölmə: Sosial › ,Tarix: 12:08 31.01.2024
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, böyük ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri-Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il keçir.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Din xadimi olan atası oğlunun mükəmməl təhsil alması üçün çalışıb. "Rus-müsəlman" məktəbini bitirdikdən sonra təhsilini Bakı Texniki məktəbində davam etdirən Məhəmməd Əmin bir müddət sonra təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlayıb.
Məhəmməd Əmin 17 yaşında Azərbaycanın ilk siyası təşkilatı olan Müsəlman Gənclik Təşkilatının əsasını qoyub. Təşkilatın əsas məqsədi müstəmləkə əsarətinə qarşı mübarizə aparmaq idi. 1906-cı ildən etibarən bu təşkilat Müsəlman Demokratik Müsavat Cəmiyyəti adını alır. Təşkilatın bir qolu da az sonra İranda qurulur və burada məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilir. 1908-ci ilin axırında Məhəmməd Əmin Rəsulzadə çar hökumətinin onu həbs etməsi təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür.
O, Təbrizdə Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, xalqın vəziyyətini yaxından müşahidə edir. Məhəmməd Əmin Rəsulzadə İranda Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqalarıyla birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, "İran-nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1910-cu ilin yayını bağlansa da, payızda, oktyabrın 26-da artıq İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətini bərpa edir. Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb edir. Məhəmməd Əmin Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir.
Məhəmməd Əmin Rəsulzadə İstanbulda həmyerliləri Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevlə görüşür, Yusif Akçura, Ziya Göyalp və başqa alimlərlə yaxınlıq edir. O, həmçinin 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalında yazılar yazır. 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev, Məhəmməd Əli Rəsulzadə və Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoyur.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və Məhəmməd Əmin Rəsulzadə vətənə qayıda bilir. 1917-ci il Fevral inqilabından sonra, o ilin aprelində Bakıda Qafqaz Müsəlmanları Qurultayının keçirildi. Qurultay Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. 1918-ci ilin may ayının 27-də Seymin Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdi. Professor Nəsiman Yaqubluya görə Müsavat Partiyası sədrliyə Məhəmməd Əmin Rəsulzadənin namizədliyini irəli sürdü. İttihad Partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. Milli Şura yaranan vəziyyəti təhlil etdikdən sonra 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan etdi və Azərbaycanın 6 bənddən ibarət "Milli İstiqlal Bəyannaməsi" imzalandı.
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk türk Cümhuriyyət olmaqla yanaşı, qadınlara seçmə və seçilmə hüququnu verən, ölkədə millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edən ilk Cümhuriyyətdir. Azərbaycan Xalq Cümhuriyyəti dövrün çətinliklərinə baxmayaraq bir çox qərar qəbul edir, ordu quruculuğuna başlayır, Bakı Dövlət Universitetini təsis edir, iqtisadi islahatlar apararaq xalqın güzəranını yaxşılaşdırmağa çalışır.
Lakin əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmur. Qızıl Ordu 1920-ci il 28 apreldə Azərbaycan Xalq Cümhuriyyətini işğal edir. Bu işğal nəticəsində minlərlə insan həyatını itirdi və ölkədə xalq maarifinin inkişafı sahəsində nəzərdə tutulan çoxsaylı tədbirlərin həyata keçirilməsi yarımçıq qaldı.
Aprel işğalından sonra Məhəmməd Əmin Rəsulzadə 1920-ci il avqustun 17-də həbs olunur, lakin Stalinin göstərişi ilə həbsdən azad olunub Moskvaya aparılır. O, Rusiya Sovet Federativ Sosialist Respublikasının Milli İşlər Komissarlığında işlə təmin edildi. Lakin bir müddət sonra M.Ə.Rəsulzadə Sankt-Peterburqa, oradan isə gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət etdi. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Tədqiqatlar göstərir ki, onun 1903-1920-ci illərdə təkcə Azərbaycanın dövrü mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunub. O, ədəbi-publisistik fəaliyyətini siyasi mühacirət illərində də davam etdirir, Azərbaycan xalqının tarixi və ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələr dərc etdirir. Bu böyük şəxsiyyət mühacirət dövründə də ümidini üzməyərək daim Azərbaycanın istiqlalı üçün çalışır.
Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu. Azərbaycan xalqı bu vətən fədaisini, bu böyük şəxsiyyəti heç vaxt unutmayacaq.
Yusif Mamedov