Qarabağ Universiteti:fəaliyyət istiqamətləri, ixtisaslar, qəbul-Nazirlikdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:12 08.02.2024
Bildiyimiz kimi, Qarabağ regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universiteti yaradılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq edilib.
Elm və Təhsil Nazirliyindən informator.az- a verilən açıqlamada universitetdəki hazırlıq işləri, fəaliyyət istiqamətləri, ixtisaslar və s bağlı məlumatlar qeyd edilib.
Məlumatda bildirilir ki, Qarabağ Universiteti ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlayacaq.
Universitetdə elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması nəzərdə tutulur. Eyni zamanda orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirəcək.
Əlavə edilir ki, Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinə tələbə qəbulunu 2 formatda həyata keçirməyi planlaşdırır:
2024/2025-ci tədris ilinin sentyabrında Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları əsasında bakalavriat səviyyəsinə I tədris ilinə müxtəlif ixtisaslara təxminən 1000 nəfər tələbənin qəbulu aprılacaq.
Bundan əlavə, Elm və Təhsil Nazirliyinin SABAH qruplarına imtahan əsasında və digər universitetlərlə mübadilə və mobillik proqramları çərçivəsində II tədris ilinə də tələbə qəbulu planlaşdırılır.
Universitetdəki ixtisaslarla bağlı qeyd olunur ki, Qarabağ Universitetində birinci tədris ilində (2024/2025-ci qəbul ilində) Pedaqoji Məktəb (fakültə), İqtisadiyyat fakültəsi, Humanitar və sosial elmlər fakültəsi, Mühəndislik fakültəsi, İncəsənət fakültəsi və Turizm fakültəsinin açılması planlaşdırılır. Ümumilikdə, təxminən 5-6 fakültədə 20 ixtisas üzrə tələbələrin təhsil alması nəzərdə tutulur.
"Növbəti 5 ildə daha 3 və ya 4 fakültənin (ümumilikdə təxminən 10 fakültə) açılması ilə ali təhsil pilləsinin hər 3 səviyyəsi (bakalavriat, magistratura və doktorantura) üzrə 10 min ətrafında təhsilanaların və tədqiqatçıların universitetə qəbulu planlaşdırılır".
Nəzrin Mirzəyeva