Əsrimizin Siyavuşu əsərinin yazılma tarixçəsi

Bölmə: Mədəniyyət › , Araşdırma › ,
Tarix: 23:33 08.02.2024

Azərbaycanın böyük ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsərini yazarkən başına bir neçə maraqlı hadisə gəlib. Bu hekayəni elə Məhəmməd Əmin Rəsulzadənin öz dilindən sizə təqdim edirik.

 

Milli Azərbaycan nəşriyyatının ikinci sayısını təşkil edən bu risaləmizin özünə məxsus bir macərası var. Bu macəra özü özlüyündə bir mövzu təşkil etməklə birlikdə, əsrimizdə görülən həyəcan və təsirləri izah baxımından da diqqətə layiqdir. Əsrimizin Səyavuşu müəyyən bir məqsədlə, vətənimizin, ictimai fikrimizin və inanımızın düşmənlərinə qarşı xüsusi bir düşmənlik yaratmaq məqsədiylə, əvvəlcədən düşünülmüş bir əsər deyil.

 

Nəşriyyatımızın ilk sayısını təşkil edən Azərbaycan Cümhuriyyətinin Türkiyənin mətbuat aləmində gördüyümüz bir əksikliyi qüdrətimiz daxilində ortadan qaldırmaq məqsədiylə, nəzərdə tutulmuş bir planla yazmışdıq. Halbuki Əsrimizin Səyavuşu belə bir müəyyən məqsəd və planla yazılmayıb.

 

Biz onun necə yazıldığını, nə kimi şərtlər içində vücuda gəldiyini qısa da olsa, anlatmasaq da, əsərin nə üçün və hansı hədəflə yazıldığını aydınlaşdıra bilməyəcəyimizi hiss edirik. Bunun üçün möhtərəm oxucularımızın icazəsi ilə macəra həyatımızdan bir qismini nəql edəlim:

 

 

 

Bolşevik istilası kədərli ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq.

 

Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı. Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı.

 

Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətə layiq cildi Firdovsinin Şahnaməsi idi. Şahnaməni razılıq alıb oxumağa başladım. 

 

Şərqin ən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necə dastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunların yanında marağımı ən çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəydi. Siyavuş dastanını oxudum.

 

Əvvəlcə aşina olduğum dastanı ilk dəfə oxuyurmuş kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar etdim. Yüksəkdən oxudum. Arkadaşıma dinlətdim.

 

Heç şübhə yoxdur ki, ilham almışdım. Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Səyavuşunu yazacağam dedim. O, buna, heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı. Fəqət mən başladım. Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi. İkinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi.

 

Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdiman çayının gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o, o anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi. Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. İki günlüyünə bizi başqa bir evə köçürtdülər.

 

Burada sonuncu bölümün qaralamasını bitirirdim. Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı.

 

Bir an əvvəl Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib ovalığa gəlmişdik. Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan Siyavuşun üzünü köçürtdüm. Təmizə çıxarılan nüsxəni qonağı olduğumuz kəndliyə verib, qaralamasını özümlə götürdüm. Qəzaya uğramayacağımızdan əmin ola bilməzdim. Tələf və ya yaxalanacağı təxmin olunan yanımdakı nüsxədən başqa digər bir nüsxəsi də olsun deyə bir tədbirə lüzum görmüşdüm.

 

Burası arkadaşlarıma xitabən əlavə etdiyim vəsiyyətnamədə daha açıqca görülməkdədir. Qorxduğum bir əmr vaqe olmuş, bulunduğumuz yer təsadüfən kəşf edilmiş, evimiz basılaraq, həbs olunmuşduq. Təslim olmazdan qabaq, yanımdakı nüsxəni təbii ki, tələf etmişdim. Bir çox qəza və qədər keçirdikdən sonra Moskvaya aparıldım. İki il mənfi bir həyat keçirdim... Bu iki il müddətində Səyavuşun ikinci nüsxəsinin əmanət verdiyim kəndlidə sağ salim qaldığına aid açıqca bir məlumat ala bilmədim.

 

Nüsxə, arkadaşların da əlinə keçməmişdi. Kəndli, xəbərdarlıq etdiyimə görə kağızımı almadan kitabı kimsəyə verməyəcəyini anlatmışdı. İki illik mənfi həyatdan sonra daha az macəralı olmayan bir təşəbbüslə qurtularaq Finlandiyaya keçdim. Nəhayət, buraya gəldim.

 

Tam üç il sonra itirdiyimi buldum. Əsrimizin Siyavuşu bir çox müşkülat və macəralara məruz qaldıqdan sonra bolşevik çəpərini yararaq İstanbula qədər gəlmiş, yazarının özünə aid üzüntüsünü yox etmişdir. Arkadaşlardan bəziləri itirdiyim bu əsərə görə duyduğum üzüntünü gördüyü zaman, madam ki mövzu məlumunuzdur, yenidən yazarsınız deyə təsəlli verirlərdi.

 

Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı və vəziyyət bir daha geri gələmməz. 1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan Əli Əhmədoğlunun əsəri ilə 1923-cü ildə İstanbulda yaşayan Məhəmməd Əmin Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək. Əsrimizin Səyavuşu Türklə başlayan iki tarixin də həzin bir vaqeə və hadisənin yanğılı bir ağısıdır.

 

Yusif Mamedov