Tarixdə bu gün-Fyodor Dostoyevskinin ölüm günü
Bölmə: Araşdırma › ,Tarix: 22:54 09.02.2024
Bu gün böyük rus yazıçısı, dünya ədəbiyyatının məşhur simalarından biri, rus realist istiqamətinin görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin ölüm günüdür.
Fyodor Dostoyevski 1821-ci ildə Moskvada anadan olub. Sərxoş ata və xəstə anasının yanında böyüyən Dostoyevskinin uşaqlığı çox çətin keçir. O, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girməyi bacarır və burada atasının ölümün xəbər alır. Məktəbi bitirdikdən sonra orduda xidmət göstərən Dostoyevski bir müddət sonra buradan da ayrılır. Ordudan ayrılandan sonra ədəbiyyata başlayan Dostoyevski 1846-cı ildə ilk romanı olan "Yoxsul İnsanlar"ı yazır. Onun bu əsəri çox məşhurlaşsada bundan sonra yazdığı əsərlər o qədərdə uğurlu olmur. Bu səbəbdən Dostoyevskinin ümidi qırılır və O, siyasətlə maraqlanmağa başlayır.
1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olunan Dostoyevski ölüm cəzasından canını birtəhər qurtarır. Həbsdə olarkən yaşadığı hadisələr Dostoyevskiyə çox böyük təsir edir. O, Peterburqa döndükdən sonra "Alçaldılmış və təhqir olunmuşlar", "Ölü evdən qeydlər" adlı əsərləri yazır. 1862-ci ildə arzuladığı Avropa səyahətini reallaşdıran Dostoyevski bir müddətdən sonra xəstəliyi və qumar asılılığı ucbatından maddi baxımdan çətinliyə düşür. Bu dövrdə o yaradıcılığının ən mükəmməl əsərləri sayılan "Cinayət və cəza", "Qumarbaz", "İdiot", "Şeytanlar" əsərlərini yazır.
Yoldaşının ölümündən sonra katibəsi ilə evlənən Dostoyevski yenidən borclanır və qumarxanalarda gəzməyə başlayır. Bu vaxtlar Dostoyevskinin qızı ölür və o qızının ölümünün ardından böyük bir sarsıntı keçirir. Bundan sonra həyatı boyunca yazdığı mövzuları yenidən ələ alan Dostoyevski "Karamazov qardaşları" əsərini yazır. Ömrünün son günlərini böyük əzab əziyyətlə keçirən Dostoyevski 1881-ci ildə vəfat edir.
Bir çox böyük yazarın fikirlərinə təsir etməyi bacaran Dostoyevski dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindəndir. Onun əsərləri hələ də dünyada böyük bir maraqla oxunmağa davam edir.
Yusif Mamedov