Tarixdə bu gün-Əmir Teymurun anım günü

Bölmə: Araşdırma › ,
Tarix: 17:20 19.02.2024

Bu gün böyük cahangir,  Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusiyanın və Volqaətrafı bölgələrin fatehi, Dövlətini Turan özünü Əmir adlandıran, qüdrətli türk sərkərdəsi-Teymurləngin anım günüdür.

 

Teymur 1336-cı ildə Özbəkistanın Hoca-İlqar kəndində anadan olub. Teymur gəncliyində ov etməyi, at çapmağı, nizə tullamağı, ox atmağı və qılınc oynatmağı çox sevirdi. O, hələ uşaq olarkən hərbi oyunlara böyük maraq göstərirdi. Tarağayın yanında qulluq edən atəbəylər 10 yaşından etibarən Teymurun tərbiyəsi ilə məşğul olmağa başlayıblar. Onlar Teymura idman oyunlarını və hərb sənətinin sirlərini dərindən öyrədiblər. O, həmçinin uşaq yaşlarında Hafiz olub. Teymur çox cəsur və təmkinli insan olub. Ayıq mühakimə yürütmək keyfiyyətinə malik olan Teymur ən çətin anlarda ən düzgün qərarları qəbul etməyi bacarıb. Xasiyyətinin bu xüsusiyyətləri insanları ona cəlb edirdi.

 

Teymur gənc yaşlarında olarkən Şərqi Türkistanda hökm sürən monqollarının hökmdarı Tuğluq Teymurun 1360-cı ildə Mavəraünnəhrə gəldiyi dövrlərdə burada olan bəzi bəylərin bölgəni tərk etməsinə baxmayaraq özü getmir və Tuğluq Teymura tabe olduğunu bildirir. Bunun qarşılığında isə atalarının mülkü olan Keş şəhəri və ətrafı ona verilir. Tuğluq Teymur Mavəraünnəhrin idarəsini oğlu İlyas Xocaya verir, Teymuru da onun xidmətinə təyin edir. İlyas Xocanın yanındakı əmirlərin pis rəftarına görə Teymur Əmir Qazağanın nəvəsi Əmir Hüseynin yanına gedir. Onlar Birlikdə Xorasana qaçarkən türkmənlər tərəfindən tutuldular və Mahanda 60 gün zindanda qaldıqdan sonra azadlığa çıxıb Səncəri qəbiləsinin başçısı Mübarəkşahdan kömək gördükdən sonra yenidən görüşmək şərtilə ayrıldılar. Ancaq düşmən qarşısında çətin vəziyyətə düşən Sistan hakimi Məlik Fəxrəddinin onları köməyə çağırmasından sonra min nəfərlik qüvvə ilə köməyə getdilər.

 

Məlik Fəxrəddin vədlərini yerinə yetirmədiyi üçün buradan ayrılmaq istədiklərində Sistanlılar yollarını kəsdi. Burada baş verən toqquşmada Teymur sağ əlindən ox yarası aldı. Ehtimal olunur ki, Teymurun ayağının zədələnməsi də bu döyüşdə olur. Yaraları sağaldıqdan sonra Teymur Hüseynlə birlikdə yenidən Mavəraünnəhrə gələrək Tirmiz, Bəlx və Keş şəhərlərini İlyas Xocanın adamlarının əlindən alıb özünü də məğlub etdikdən sonra qurultay toplayıb Tuva xanın nəvələrindən Qabilşah Oğlanı xan elan etdilər. Teymur Hüseynlə birlikdə uzun çəkən mübarizədən sonra Mavəraünnəhrə hakim oldular. Bu iki dost arasında Hüseynin bacısı Ulcay Türkan ağanın Teymurla evlənməsi səbəbindən qohumluq əlaqələri də yaranır.

 

Ancaq 1365-ci ildən sonra onların araları getdikcə soyumağa başladı. Teymurla Hüseyn arasında Mavəraünnəhrdə hakimiyyət qurmaq uğrunda mübarizə gedirdi. Əmir Hüseyn Adil xanın adına hərəkət edirdi. Teymur da buna qarşılıq olaraq Çingizlilər nəslindən Suyurqatmış xanı taxta çıxararaq Əmir Hüseynin üstünə getdi. 1370-ci ildə Bəlx şəhərində müharisəyə alınan Əmir Hüseyn tutuldu və Xutallan hakimi Əmir Keyxosrovun qardaşını öldürdüyünə görə öldürüldü. Bundan sonra Teymur bütün Mavəraünnəhrə hakim oldu. Əmir Hüseynin hərəmxanası və xəzinələri Teymurun əlinə keçdi. Əmir Hüseynin hərəmxanasından özünə seçdiyi xanımlar arasında Qazan Sultanın qızı Saray Mülk xanım da vardı. Məhz bu evlilikdən sonra Saray Mülk xanım xan qızı olduğuna görə Teymur özünə xan ailəsinin kürəkəni olduğunu bildirən Gürkan titulunu götürür.

 

Teymur hakimiyyəti tam əlinə aldıqdan sonra şankı yürüşlərinə başladı. Əmir Teymur 1388-ci ildə Xarəzmə yürüş edərək Xarəzmi dağıtdı və özünə tabe etdi. Bundan sonra Teymur Xorasan və İranı özünə tabe edir. Bundan sonra İraq və Azərbaycanı fəth edən Teymurla Osmanlı Sultanı İldırım Bəyazidin münasibəti kəskinləşir. 1395-ci ildə Qızıl Ordu dövləti hökmdarı Toxtamış xanın məğlubiyyətidə bu münasibətləri daha da pisləşdirir. Hindistan yürüşündəki müvəfəqiyyətdən sonra Teymur Anadolu üzərinə yürüşə başladı. 1402-ci ildə iki türk dövlətinin arasında döyüş baş verdi və bu döyüşdə Teymur qalib gəldi. Teymurun ən çox yürüş etmək istədiyi Çin idi. Çini müsəlmanlaşdırmaq istəyən Teymur səfər hazırlıqlarına başlayır. Lakin bu səfər baş tutmur və Teymur 1405-ci ildə Otrar şəhərində vəfat edir. Teymurun ölümündən sonra onun imperiyası zəiflədi və birdə keçmiş  qüdrətini bərpa edə bilmədi.

 

Əmir Teymur türk və müsəlman dünyasının ən böyük şirkətlərindən sayılır.  Bu. böyük fatehin ömrü səfərlərdə, döyüşlərdə keçir. Teymur yalnız özbəklərin deyil bütün türk xalqlarının qəhrəmanı sayılır. Biz bu böyük şəxsiyyəti hörmətlə anırıq.

 

Yusif Mamedov