Depressiyadan necə xilas ola bilərik? -Psixoloqdan açıqlama
Bölmə: Araşdırma › ,Tarix: 19:46 23.02.2024
Son vaxtlar cəmiyyətdə depressiya, psixi problemlər səbəbindən törədilən cinayətlər müşahidə edilir. Bu və digər neqativ halların artması cəmiyyətdə narahatlıq doğuran məqamlardan biridir. Depressiya insanların özlərini yaxşı hiss etmədiyi və uzun müddət ərzində davam edə bilən psixoloji narahatlıqdır. Motivasiya əksikliyi, pessimistlik, ölüm və intihar düşüncələri depressiyanın əlamətlərdən biridir. Maraqlıdır ki, depressiyadan necə xilas ola bilərik? Mövzu üzrə psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərova İnformator.az ilə fikirlərini bölüşüb.
Bahar Bəylərova-Ələkbərovanın fikirlərinə görə, depressiya davamlı şəkildə pessimist halları və bir çox şeylərə qarşı marağın itməsi ilə müşahidə olunan əhval pozğunluğudur.
"Əsasən, major depressiya və klinik depressiya da adlana bilir. Bu vəziyyətdən təsirlənən insanlar daim emosional və fiziki problem ilə üzləşirlər. Normal gündəlik işlərini yerinə yetirməkdə çətinlik çəkirlər və ya əvvəl zövq aldığı işlərin heç birindən artıq zövq almır. Depressiyanı insanın sadəcə özünü halsız hiss etməsi adlandırmaq düzgün deyil. Bu vəziyyətdə həmin şəxslərin müalicəyə ehtiyac olur. Həm psixiatr, həm də dərman qəbulu ilə nəticəyə nail ola bilərik".
Psixoloq bildirir ki, bəzi insanların sakitliyi və səssizliyini onun xarakteri bilsək də, bəzən bu halın səbəbi depressiya ilə müşahidə olunur.
"Həmçinin bir gəncin davamlı olaraq yatması və heç bir şey etmək istəyinin olmamasını tənbəllik kimi büruzə verirlər. Əslində, digər aspektdən baxsaq, həmin gəncin psixoloji yardıma ehtiyacı ola bilər. Əgər depressiya ağır dərəcəli olarsa, psixatr və dərman qəbulu kömək edə bilər. Ancaq psixiatr və dərman köməyi ilə depressiyanı aradan qaldıra bilmərik. Depressiyanın yaranmasına səbəb olan vəziyyəti araşdırmalıyıq".
Bahar Bəylərova-Ələkbərova qeyd edir ki, hər bir problemin öz elmi açıqlaması mövcuddur.
"Bəzən insanların xasiyyətini və xəstəliyini ayıra bilmirik. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatında bununla bağlı test sorğuları da mövcuddur. Test nəticələrinə və simptonlarına görə, insanlara diaqnoz qoya bilirlər. Zamanında düzgün diaqnozu qoyulmayan problemlər daha ciddi psixatrik vəziyyətə gətirib çıxara bilər".
Fatimə Mustafayeva