Dəm qazı təhlükəsi! - Necə qorunmalıyıq?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:09 12.03.2024
Ölkədə dəm qazından həyatını itirənlərin sayı gündən-günə artır. Bəs, bu halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, dəm qazından qorunmaq üçün təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır:
"Birinci növbədə qaz cihazı olan otaqda havalandırma sisteminin olmasına diqqət etmək lazımdır. Yəni qaz cihazı hansı otaqda quraşdırılıbsa, mütləq həmin otaqda havalandırma olmalıdır. Bundan başqa qaz cihazlarının özlərinin normativ standartlara cavab verən qaz cihazları olmasına diqqət etmək lazımdır. Mütləq, həm qaz sızması əleyhinə, həm də dəm qazı əleyhinə dedektorlar olmalıdır. Bu dedektorların işi olduqca funksionaldır, qaz sızması olan kimi qazın təhcizatı dayandırılır. Dəm qazı əleyhinə olan dedektorda isə dəm qazı əmələ gələndə artıq dedektor siqnalı işə düşür və istehlakçının bununla bağlı məlumatı olur. Ona görə də mütləq radiator olan yerdə həm dəm qazı əleyhinə, həm də qaz sızması əleyhinə dedektor olmalıdır. Bu qanunvericilikdə də təsdiq olunub. Əsasən də qaz cihazı olan otaqlarda nəfəslik, ventelyasiya olmalıdır. Bunlar da daim işlək vəziyyətdə olmalıdır, tüstü bacaları vaxtında təmizlənməlidir, yəni ən azı ildə iki dəfə təmizlənməsi həyata keçirilməlidir. Tüstü bacalarında qırıq, dəlik olmamalıdır. Əlbəttə ki, belə olduqda onun sovurma qabiliyyəti zəifləyir və yaxud heç olmur".
Ekspert dəm qazının necə yaranmasından danışıb:
"Dəm qazı natamam yanma məhsuludur, yanma prosesi düzgün getmədikdə əmələ gəlir. Əgər otaqda kifayət qədər hava olmazsa, tüstü bacası vaxtında təmizlənməzsə, nasaz olarsa və yaxud qaz cihazının özü standartlara cavab verməyən qaz cihazı olarsa, yanma prosesi düzgün getməz və nəticədə dəm qazı əmələ gələr. Dəm qazından qorunmaq üçün ən birinci amil havalandırmanın olmasına, qaz cihazlarının standartlara cavab verməsinə, otağın kvadratına uyğun cihazlardan istifadə olunmasına diqqət etmək lazımdır. Bəzən elə olur ki, kiçik bir otağa dörd gözlü qaz cihazı yerləşdirilir, amma otaqda nə düzgün havalandırma, nə ventelyasiya var. Əlbəttə, belə vəziyyətdə otaqda kifayət qədər hava olmadığından, tüstü bacası olmadığından yanma prosesi pozulur və nəticədə dəm qazı əmələ gəlir".
Aləmzər İbrahimova