Magistr təhsili üçün ixtisas seçiminin məhdudluğu: -RƏYLƏR
Bölmə: Sosial › ,Tarix: 23:08 14.03.2024
Tələbələrin əksəriyyəti bakalavr təhsilindən sonra magistratura təhsilini başqa ixtisas üzrə davam etdirmək istəyirlər. Bu zaman onların seçimləri məhdud olur. Bəzi ixtisaslar var ki, həmin ixtisasda oxuyanlar digər ixtisaslara yönələ bilmirlər.
Mövzu ilə bağlı təhsil eksperti Vüsal Kərimli "informator.az"a açıqlamasında bildirib ki, elmdə sahə üzrə ardıcıllıq davamlı təmin edilməlidir:
"Tələbələr magistrı bitirdikdən sonra universitetlərdə dərs keçə, növbəti təhsil pilləsində təhsillərini davam etdirə bilərlər. Magistraturada bakalavrda oxunan sahəyə yaxın sahə seçilməlidir. Məsələn, biologiya fakültəsində oxuyan tələbə magistraturada kimyanı oxusa, həmin tələbə üçün daha asan olacaq. Çünki yaxın səhələrdir. Amma jurnalistikanı oxusa, sonra universitetdə hansı elmi sahədə davam etdirə biləcək? Bu ciddi sual yaradır.
Əsas məsələ ixtisası öz sahəsi üzrə aparmaq deyil, universitetlərə qəbul məsələsi gündəmə gətirilməlidir.
Universitetlərə azadlıq verilsə ki, tələbə dim üzrə balının nəticəsini əldə etdikdən sonra özü fərdi şəkildə universitetlərə müraciət edə bilər, motivasiya məktubu yaza bilər, bu sahə üzrə hansı bacarıqlarının olduğunu əsaslandıra bilər. Bu əsaslandırmadan sonra universitet əmin olar ki, tələbə bu sahədə oxuya bilər. Təəsüf ki, bu gün ölkəmizdə magistratura pilləsində tələbələr universitet seçmir. Onlar sadəcə imtahan nəticəsinə uyğun şəkildə seçirlər".
Sözügedən mövzu ilə bağlı təhsil ekperti Qoşqar Məhərrəmov isə "informator.az"a açıqlamasında qeyd edir ki, bakalavr bitirən insanların təkcə öz ixtisası üzrə magistr oxumaları qaydası ləğv edilməlidir:
"Bu qaydanın ləğv olunması insanların öz istədikləri sahələrdə çalışmasına və həmin sahədə uğurlarının artmasına səbəb olacaq.Təhsil sahəsində inkişaf etmiş ölkələrdə belə məhdudiyyət yoxdur. Texniki fənlərdən bakalavr təhsili alan tələbə humanitar fənlərdən də magistratura təhsili ala bilər. Əgər magistratura ixtisasında aldığı dərslər əvvəlki illərdə tamamilə almadığı dərslərdirsə, o zaman universitetdə onlara bir neçə bakalavr dərsləri keçirilir. Həmin dərslər keçirildikdən sonra magistratura dərsləri başlayır. Bu hala görə magistratura 2 il yox 3 il ola bilir. Azərbaycanda belə bir qaydanın qarşısı alınmalıdır. Əgər bir insan bir ixtisas üzrə bir müddət işləyib sonra peşman olub başqa bir ixtisas üzrə sahəsini dəyişmək istəyirsə, bu mümkün olmalıdır. Bu hal gələcəkdə insanların iş sahəsində uğuruna səbəb olacaq. Magistratura təhsilini insan özü müstəqil şəkildə seçərsə, həmin seçim daha məntiqli olacaq. Və həmin insanın təhsili daha keyfiyyətli olacaq".
Zeynəb Mustafazadə